Elbrus Ərud: “Prezidentlə görüş hər bir jurnalistin arzusudur” AÇIQLAMA

25 Noyabr 2013 13:45 (UTC+04:00)

"Dövlət başçısı ilə jurnalistlər arasındakı görüşün əleyhinə kimlərsə danışıb deyirlərsə ki, jurnalistlər bu görüşə getməməli idilər, onların bu fikri obyektiv deyil, bu onlar tərəfindən sərgilənən yanlış təfəkkürdür".

Bu fikirləri SİA-ya açıqlamasında "Qafqazinfo.az" saytının baş redaktoru Elbrus Ərud bildirib.

Bəzi müxalifətçi jurnalistlərin Prezidentlə media qurumlarının rəhbərləri arasındakı görüşə eyham vurmasına, bu görüşü müsbət qiymətləndirməməsinə münasibət bildirən E.Ərud deyib ki, biz öz dövlətimizin başçısı ilə görüşmüşük, başqa dövlətin başçısı ilə yox.

Prezidentlə görüşə dəvət olunmayan şəxslərin bu görüş əleyhinə səsləndirdiyi fikirləri şərh edən E.Ərud qeyd edib ki, onların fikri doğru və obyektiv deyil: "Biz bu ölkənin vətəndaşlarıyıq, bu ölkənin mediasının sahibləriyik, bu ölkənin jurnalistləriyik. Cənab İlham Əliyev də bu ölkənin dövlət başçısıdır. Necə ola bilər ki, öz dövlət başçımızla görüşməyək?".

Prezidentlə görüşün hər bir jurnalistin arzusu olduğunu deyən baş redaktor onu da əlavə edib ki, əgər bu görüşün nəticəsi müsbətdirsə, bu görüş Azəbaycan jurnalistikasının inkişafına xidmət edibsə, görüş zamanı qəzetlərin problemləri yerindəcə həll olundusa, bunun nəyi pisdir ki?.

"Əslində buna sevinmək lazımdır. Dövlət tərəfindən jurnalistlərə evlər veriləndə də deyirdilər ki, ev alan jurnalistlər hakimiyyətə satılıblar. Axırı necə oldu? Ev alan bütün jurnalistlər hamısı öz əvvəlki mövqelərindədirlər. Qafqazinfo da ev alıb, amma əvvəlki mövqeyindədir, bir addım da geri çəkilməyib. Hər şey göz qabağındadır" – deyə o bildirib.