Ermənistan prezidenti Serj Sarkisyan Vyana görşündən danışarkən, əslində bir çox məqamlara toxunub. Belə ki, Vyanada keçirilən prezidentlərin görüşündən danışan Ermənistanın dövlət başçısı daha əvvəl Azərbaycan haqqında dediyi sözləri təkzib edib.
Guya Azərbaycanın "separatçı" mövqedən çıxış edərək, Ermənistanı müharibə ilə hədələdiyini beynəlxalq aləmə car çəkən Sarkisyan "Mən Azərbaycan dövlət başçısı İlham Əliyevlə danışaqlar zamanı bir daha onun münaqişəni sülh yolu ilə həll etmək istəməsinin şahidi oldum" deməklə, əslində, daha əvvəlki çıxışlarını təkzib edib.
Bununla yanaşı, S.Sarkisyan hər zaman münaqişənin həlli ilə əlaqədar Ermənistanın Azərbaycanın qarşısına qoyacağı şərtlər əsasında baş verəcəyini deyirdisə, onun sonradan Dağlıq Qarabağ probleminin Azərbaycanın qoyduğu şərtlər əsasında erməni tərəfin razılaşacağı təqdirdə çözüləcəyini ifadə etməsi də gözdən qaçmayan məqamlardandır.
O, münaqişənin Azərbaycan Prezidenti kimi sülh yolu ilə çözülməsini istədiyini vurğulayıb. Bundan başqa yenidən prezidentlərin danışıqlar üçün bir araya gəlməsini gözlədiyini də bildirib.
Bu isə bir daha onu deməyə əsas verir ki, Ermənistan hazırda küncə sıxılmış vəziyyədədir və Sarkisyan artıq güc nümayiş etdirmək və prinsipial davranmağın zamanı olmadığını yaxşı anlayır.
Noyabrın əvvəlində Ermənistandakı acınacaqlı həyata etiraz edən erməni icmasının dövlət çevrilişi etmək istəyi də S.Sarkisyanın Azərbaycanın ünvanına dediyi sözləri geri götürməsinə vadar etmiş ola bilər. Belə ki, mövcud bir dövlətin kortəbii surətdə koloniya və ya vassal statusu alması heç də arzuedilən vəziyyət deyil. Ermənistan isə demək olar hər addımında 3 sentyabr Gömrük İttifaqına üzvlüyünün acınacaqlı nəticələri ilə qarşılaşmağa davam edir.
Çünki, Ermənistanın Gömrük İttifaqına üzvlüyünün bir nəticə verməsi, ilk növbədə Azərbaycanla mövcud problemin həllindən asılıdır.
Digər tərəfdən isə Gömrük İttifaqından imtina edərək, Avropa Birliyinin təklifini dəyərləndirərsə, Ermənistan iki məsələni həll etmək məcburiyyətində qalır. Belə ki, Ermənistan ilk olaraq, Gömrük İttifaqında imtina etməsinə görə Rusiya ilə qarşı-qarşıya dayanmalıdır və ikinci bir tərəfdən yenə də Azərbaycanla münaqişəni həll etməlidir.
Ermənistanın hazırda durduğu mövqe heç də parlaq deyil. Lakin böyük ehtimalla Ermənistan Rusiyanı qarşısına alacaq gücdə olmadığından, çox güman ki, Gömrük İttifaqından imtina etməyəcək. Belə olduğu halda, Azərbaycanla olan münaqişəni həlli sahəsində səy göstərməkdən başqa çıxış yolu qalmır.