Müxalifətin populist stereotiplərini darmadağın edən Sərəncam TƏHLİL

23 Noyabr 2013 12:47 (UTC+04:00)

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ölkədə geniş şəkildə qeyd olunacaq. Əlbəttə ki, Azərbaycan xalqının müstəqillik arzularının reallaşmasında, tarixi dövlətçilik ənənələri zəminində milli demokratik dövlət quruluculuğu istiqamətində bu şəxsiyyətin gördüyü işlər xüsusi önəm kəsb edir. Söz yox ki, belə şəxsiyyətləri tarix hər zaman yaşadır.

Budur, onların bu iddiaları gerçəkləşdi!

Lakin cəmiyyəti düşündürən bir məsələ də var. Bu məsələ isə bilavasitə M.Ə.Rəsulzadə ideyalarını, eləcə də onun gördüyü işləri özünküləşdirənlərlə bağlıdır. Daha dəqiq desək, bu gün özlərini ana müxalifətin liderləri adlandıran Müsavat, AXCP kimi partiya rəhbərləri Rəsulzadə ideologiyasının məhz onlar tərəfindən yaşadıldığını iddia edirlər. Məsələn, Müsavat partiyası özünü 100 illik yaşı olan tarixi Müsavatın xələfi hesab edir. Eyni zamanda AXCP də iddia edir ki, onların getdiyi yol Rəsulzadə yoludur.

Gəlin müqayisə edək, əgər Müsavat və AXCP həqiqətən də, M.Ə.Rəsulzadənin xələfləridirlərsə, onlar hansı səbəbdən Azərbaycanın milli-dövlətçilik ənənələrinə xilaf çıxaraq, daim öz pənahlarını xarici dövlətlərin qaranlıq siyasi dairələrində axtarırlar? Yaxud onlar nəyə görə M.Ə.Rəsulzadənin "Biz gücümüzü xalqdan aldıq və müstəqil Azərbaycan qurduq" ifadəsinə xəyanət edərək bu amildən şəxsi məqsədləri, ambisiyaları üçün sui-istifadə edirlər? Əgər bunlar həqiqətən də xalqla olsaydılar, bu gün həmin xalq onların yanında olardı. Lakin görünən də budur ki, xalq ona xidmət edən, onun qayğısına qalan tərəfin - Azərbaycan hakimiyyətinin yanındadır. Beləliklə, hər şey aydındır. Aydındır ki, "ana müxalifət"in bütün iddiaları sadəcə, boş-boş danışılan ucuz və populist ifadələrdir, başqa heç nə!

Bunlar iddia edirdilər ki, vaxt gələcək Məhəmməd Əmin Rəsulzadənin yubileyləri, anım mərasimləri dövlət səviyyəsində qeyd olunacaq və s. Budur, onların bu iddiaları gerçəkləşdi və qeyd etdiyimiz kimi, ölkə başçısı Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Yəni, bu faktorun özü əslində, Azərbaycanın şərəf tarixinə, istiqlalına Prezident İlham Əliyev tərəfindən verilən müstəsna qiymətdir.

Onlar Rəsulzadə yolunda deyil, tamamilə başqa yoldadırlar

Bu günə qədər "Hakimiyyət Rəsulzadəni tarixdən silməyə cəhd edir", "Rəsulzadə şəxsiyyətinə münasibət düşməncədir" və s. kimi ittihamlarla çıxış edən Müsavat və AXCP kimi partiyalarının populist stereotipləri isə darmadağın oldu! Cənab Prezident göstərdi və sübut etdi ki, O, M.Ə.Rəsulzadəni tarixi şəxsiyyət kimi qiymətləndirir, onun Azərbaycanın müstəqilliyi uğrunda apardığı tarixi mücadiləsini çox yüksək dəyərləndirir.

Bir daha təsdiq olundu ki, əslində, Rəsulzadə ideologiyasına öz şəxsi mənfəətlərinə sui-istifadə edənlər həqiqətən də elə belə tipləriymişlər. Sual etmək lazımdır ki, cənab Prezident həmin Sərəncamı imzaladıqdan sonra nəyə görə bunlar ya ümumiyyətlə, həmin Sərəncamı alqışlamadılar, ya da uzağı ağızucu şəkildə "münasibət" bildirdilər? Axı dünənə qədər ittiham edənlər də onlar idi! Hanı bəs tarixi şəxsiyyətə olan sayğıları?! Yoxdur! Əsla sayğıları yoxdur! Demək onlar heç də Rəsulzadə yolunda deyillər, tamamilə başqa yoldadırlar. Bu yolun nə demək olmasını isə zatən özləri də yaxşı bilir…

Rövşən NURƏDDİNOĞLU

P.S. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhiriyyətinin qurucusu olmaqla yanaşı, həm də Milli Şuranın sədri idi. Ancaq bu gün Milli Şuranı mənfəətləri naminə özünküləşdirənlər, onu "Milli Şura"ya çevirənlər və oraya Rüstəm İbrahimbəyov, Cəmil Həsənli kimi fərdləri rəhbər qoyanlar bu addımları ilə Rəsulzadə faktoru üzərindən bir dəfəlik xətt çəkmiş olublar. Çünki onları nə Rəsulzadə amili, nə də Milli Şura ideologiyası ilgiləndirmir, bundan sonra da ilgiləndirməyəcək.