Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycanın turizm potensialını əks etdirən fotosərgi ilə tanış olublar.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən, ölkəmizdə turizm sahəsində qazanılan uğurlardan, bu il Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçildiyindən danışıb. Vurğulayıb ki, belə yüksək inkişaf məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi qayğısı və böyük diqqəti sayəsində reallaşıb.
Azərbaycanın böyük turizm potensialının dünyada təbliğinin əhəmiyyətindən danışan Nazir festivalın keçirilməsini yüksək qiymətləndirib.
Bildirib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına da diqqəti cəlb etməyi qarşısına məqsəd qoyub.
Diqqətə çatdırılıb ki, ilk addım olduğuna baxmayaraq festivala dünyanın 45 ölkəsindən qonaqlar gəliblər.
Festivalın Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimatı ilə açıldığını deyən Nazir bu iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusilə vurğulayıb.
Sonra "Qafqaza qayıdış" sənədli filminin yaradıcı heyəti səhnəyə çıxıblar. Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqları şərh edilir, onun izi ilə J.Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Filmdə məşhur aktyorun vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi aydın olur. A.Düma kimi J.Depardye də səyahət zamanı maraqlı insanlarla rastlaşır bir-birindən gözəl yerləri kəşf edir. Daha sonra film nümayiş etdirilib.
I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqəsi 7 nominasiyadan ibarətdir. Festivala ümumilikdə, 38 ölkədən 140 rejissor 215 film təqdim etmişdir. 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılmışdır. Müsabiqənin proqramında 14 azərbaycanlı rejissorun da filmləri yer almışdır.
Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün müəyyən edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.
Nəzərinizə çatdıraq ki, filmlər noyabrın 21-dən 23-dək hər gün səhər saat 11:00-dən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəstdir.
Festivalın qonaqları üçün noyabrın 21-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, noyabrın 23-də Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğuna və palçıq vulkanlarına ekskursiyalar təşkil olunacaq.
Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 23-də nəzərdə tutulub.


