"Partizanlar"ın Milli Şura oyunu... TƏHLİL

19 Noyabr 2013 18:12 (UTC+04:00)

Milli Şurada çıxılmaz böhran, eyni zamanda, mövcud ziddiyyətlər amili qurumdaxili narazılıqlarla yanaşı, ən sərt qarşıdurmalara qədər inkişaf etməkdədir. Xüsusilə, son zamanlar Müsavat partiyasının, eləcə də bu siyasi təşkilatın təsiri altında olan digər partiya və fərdlərin müxtəlif məsələlərdə etiraz nümayiş etdirmələri sözügüdən kontekstdəki vəziyyəti daha qabarıq fonda sərgiləmiş olur. Məsələn, Müsavat partiyasının rəhbərliyi, xüsusilə önə çıxarılan Arif Hacılı, Gülağa Aslanlı, Arzu Səmədbəyli üçlüyü "Milli Şura"ya qarşı qara piar kampaniyasını tam sürətlə davam etdirirlər. Onlarla yanaşı, Müsavata yaxınlıqları ilə seçilən AXP və "Əhrar" partiyalarının sədrləri Pənah Hüseyn və Vaqif Hacıbəyli də kampaniyada yaxından iştirak etməkdədirlər.

Lakin müəyyən mesajları "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz dəsti-xətti ilə verməkdədir ki, o burada ayrıca rol oynayır. Onun bir müddət əvvəl "Milli Şura rus projesidir" iddiasının ardınca Müsavat başqanı İsa Qəmbər dərhal İctimai Palatanın rəhbərliyini topladı. Onun bu addımı həm də bu, o demək idi ki, Müsavat üçün daha önəmli qurum Milli Şura deyil, məhz İctimai Palatadır. Elə R.Arifoğlunun açdığı ilk atəşin ardınca Müsavat məclisinin sədri Arzu Səmədbəyli Milli Şuranın sədri və ilk prezidentliyə namizədi Rüstəm İbrahimbəyovu istefa verməyə səslədi. Ardınca isə yuxarıda qeyd edildiyi kimi, davamlı ittihaçlara yol açılmış oldu.

Daha bir məsələ də budur ki, əslində ortada Milli Şura sədri R.İbrahimbəyov amili deyil, eyni zamanda AXCP düşərgəsindən səslənmiş "Milli Şurada həmsədrlik institutu olsun" iddiasıdır.

Aşkar görünür ki, Müsavat AXCP-nin Milli Şuranı öz xeyrinə doğru möhkəmləndirmək taktikasına qarşıdır. Belə ki, Müsavat mərkəzi aparatının sədri A.Hacılı mətbuata açıqlamasında bir daha Müsavatın Milli Şuraya hazırkı münasibəti məsələsinə aydınlıq gətirib. Müsavat səlahiyyətlisi bildirib ki, Milli Şura yaradılarkən onun tərkibinin təqribən 65 nəfərdən ibarət olması, qurumun əsasının Müsavat partiyası, AXCP, "EL" hərəkatı və Ziyalılar Forumu nümayəndələrindən təşkil edilməsi təklif edilmişdi. A.Hacılı eyni zamanda iddia edir ki, hələ məlum Tbilisi görüşündə tərkibi R.İbrahimbəyov, İ.Qəmbər, Ə.Kərimli olmaqla həmsədrlər institutunun yaradılması təklif olunmuşdu. Ancaq A.Hacılı bəzi məsələlərdə müəyyən şişirtmələr də edir. Çünki həmin dövrlərdə Milli Şura təsis olunarkən, Müsavat partiyasının "söz sahibi" olması elə də ciddi görünmürdü. Hətta Müsavat partiyasında Milli Şuraya qatılmamaq məsələsi də qaldırılmışdı. Ancaq İ.Qəmbər "şura"ya qatılmaq məcburiyyətində idi və qatıldı da. Onunla yanaşı, A.Hacılının özü də tərəddüd edirdi və Milli Şuraya üzv olmaq istəmirdi. Beləliklə, "şura" yaranan gün bəlli oldu ki, A.Hacılı quruma üzv olub və o, bir məqamda haqlıdır ki, R.İbrahimbəyov həmsədrlik institutunun yaradılmasını istəmir, özü sədr qalmaqda israrlıdır. Əslində, bu mövqe R.İbrahimbəyovun özünün deyil.

AXCP, "El" hərəkatı da onun kimi düşünür. AXCP ən yaxşı halda C.Həsənlinin həmsədr olmasını istəyir. Ancaq buna da Müsavat etiraz edir. Müsavat funksionerləri təklif edirlər ki, həmsədrlik institutu olsa belə, sədrlərdən biri siyasətçi olsun. Bu isə o deməkdir ki, bir müddət sonra Müsavat və ya AXCP sədri Milli Şuranın həmsədri olacaq. R.İbrahimbəyov isə öz növbəsində bildirib ki, bu cür olsa, bu, Milli Şuranın məhvi deməkdir. Doğrudan da, İsa Qəmbər və ya Əli Kərimli həmsədr olacaqdısa, elə İctimai Palatada qalmalıydılar. Bu baxımdan, İbrahimbəyovun nə demək istədiyi üzə çıxır. Beləliklə, Müsavat "şura"dan çıxmaq, İctimai Palatada siyasətini davam etdirmək fikrindədir. AXCP isə əksinə, Milli Şuranı buraxmaq niyyətində deyil. Bu səbəbdən, qarşılıq və dolaşıq problem Milli Şuradakı partiyaları dilemma qarşısında qoyub. Onlar ya orada qalmalı və iflas olmalı, ya da razılığa gələrək Milli Şuranı monopoliyaya almalıdırlar. Lakin bu ehtimalın reallaşması mümkün görünmür. Əlbəttə ki, iflasdan başqa…

Rövşən NURƏDDİNOĞLU