“AZADLIQ” VƏ “YENİ MÜSAVAT”IN BOLŞEVİZM TƏFƏKKÜRÜ

18 Noyabr 2013 21:43 (UTC+04:00)

Ənənəvi müxalifət düşərgəsinin 9 oktyabr prezident seçkiləri ilə bağlı gözləntiləri puça çıxdıqdan sonra, əslində, sözügedən düşərgədə nələrin baş verəcəyini əvvəlcədən də ehtimal etmək mümkün idi. Uğursuzluq və uğursuzluqdan doğan populist çıxışlar, "ekspert" rəyləri, "liderlərin" bolşeviklərsayağı bəlağətli natiqlikləri eləcə də partiyalara məxsus qəzetlərdəki pafoslu çıxışlar bu ehtimalları yüzə-yüz olaraq təsdiq etmiş oldu.

Lakin ortada daha bir məsələ də mövcud idi. İstər AXCP, istərsə də Müsavat partiyalarına, daha dəqiq desək, həmin təşkilatların "liderlərinə" işləyən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri hakimiyyətə qarşı şər-böhtan atmaqdan ötrü ən rüsvayçı vasitəyə əl atdılar. Guya bağlandıqlarını, onlara qarşı basqıların, təhdidləri olduğunu iddia edən yazılı orqanlar sonda xalqın cibinə girməyi belə, özlərinə rəva gördülər. Hansı ki, özünə hörmət qoymağı bacaran, ümumiyyətlə, adıçəkilən qəzetlərin cəfəngiyyatlarına baş qoşmayan sağlam düşüncəli cəmiyyət nə "Azadlıq"ı, nə də ki, "Yeni Müsavat"ı oxumaq istəmədiklərini həmin qəzetləri almamaqla, onlara abunə olmamaqla sərgilədilər. Ancaq bütün bunlara rəğmən, guya oxucuların abunə olmaq üçün onların redaksiyalarına, qərargahlarına "axın etdiklərini" nümayiş etdirmək üçün sirk tamaşalarına bənzər səhnəciklər oynayanlar sonda yenə də çıxılmaz vəziyyətdə qaldılar.

Ümumiyyətlə, bu və ya digər formada çabalar göstərən AXCP və Müsavat mətbu orqanlarının sünilikləti elə bəri başdan görünürdü. Onlar sadəcə və sadəcə öz "liderlərinə", "liderləri" isə öz xarici havadarlarına xidmət göstərməkdədirlər. Hətta müxalifətçilərin özləri də etiraf edirlər ki, müxalifət partiyalarının mövcudluğu bir neçə qəzetə bağlıdır.

Xalqın gözünün içinə baxa-baxa…

Digər tərəfdən, o da bəllidir ki, məhz seçkidən sonrakı biabırçılığı diqqətdən yayındırmaq üçün Əli Kərimli, İsa Qəmbər müxalifət qəzetlərindən öz xeyirləri, səmərələri istiqamətində yararlanmağa cəhd göstərdilər. Ümumiyyətlə, siyasi fəaliyyətlərini artıq sarı mətbuata çevrilmiş qəzetləri vasitəsilə ayaqda saxlamağa cəhd edən "liderlər" hələ ki, onların hesabına öz mövcudluqlarını qoruyub saxlaya bilirlər. Hazırda isə müxalifətin öz mövcudluğu bütövlükdə böyük sual altındadır. Hətta müxalifət qəzetlərinin sayı və tirajı artsa belə müxalifətin siyasi böhrandan çıxmaq şansı görünmür. Müxalifət düşdüyü siyasi rüsvayçılıqdan cəmiyyətin, ictimai rəyin diqqətini yayındırmaq üçün artıq bir neçə gündür qaragüruh hərəkətlərə əl atıblar. Və nədənsə əsl reallığı, əsl həqiqəti xalqın gözünün içinə baxa-baxa danırlar. Çünki bu gün hamıya məlumdur ki, hakimiyyət hər il dövlət vəsaiti hesabına müxalifət qəzetlərinə 100 min manatlarla pul ayırır. Həmin vəsaitlərdən müxalifət qəzetlərinə də maliyyə ayrılır. Bəs, bu pullar haraya xərclənir? Axı həmin vəsaitlər hesabına kifayət qədər iş aparmaq olar. Məsələ bəllidir. Həmin pullar bilavasitə baş redkatorlar tərəfindən mənimsənilir. Sonra da günahkar olaraq hakimiyyət göstərilir. Əgər müxalifət "liderləri" hər addımbaşı haqq-ədalətdən dəm vururlarsa, hanı onların vurduqları dəmlər?!

Xədicə İsmayılova eyni predmet üzrə "Səs" qəzetini beş dəfə məhkəməyə verib

Bu gün Rauf Arifoğlu, Qənimət Zahid kimiləri iddia edirlər ki, onlara qəzet biznesi ilə məşğul olmağa guya şərait, imkan yaradılmır. Bu zaman daha bir sual yaranır ki, əcəba, bizneslə məşğul olan şəxslər dövlətdən təmənnasız vəsait istəməlidir? İddia edirlər ki, müxalifət qəzetlərinə basqılar davam edir, müxalifət qəzetlərini məhkəməyə verirlər..? Axı, məhkəmə prosesi ilə təkcə müxalifət qəzetləri deyil, digər mətbuat vasitələri də üzləşir. Məsələn, elə götürək "Səs" qəzetini. Bu gün "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova eyni predmet üzrə adıçəkilən qəzeti artıq beş dəfə məhkəməyə verib və yenidən məhkəmə instansiyasına müraciət edəcəyini bildirir. İndi duraq deyək ki, bizi məhkəməyə verməyə hüququ yoxdur? Axı nəyə görə müxalifət qəzetləri belə məsələləri ancaq müxalifətçiliklə bağlayırlar?

Məsələ aydındır. Bunların gözlərində müxalifətçi olmaq guya qəhrəmanlıq, əzabkeşlik, ya da başqa bir şeydir. Ancaq unudurlar ki, belə müxalifətçiliklə müxalifətçi olmaq olmaz. Ən azından onlarda olan bolşevik təfəkkürü belələrinin hazırkı vəziyyətə düşmələrinə ən bariz nümunədir.