Azər Mehdiyev: "Özəl tikinti şirkətləri mənzil satışında maraqlı deyillər" AÇIQLAMA

18 Noyabr 2013 15:31 (UTC+04:00)

"Yeni mənzillərin satış qabiliyyətinin aşağı olmasına səbəb özəl tikinti şirkətlərinin bu sahəyə maraqlı olmamasıdır". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev belə deyib.

Onun sözlərinə görə, özəl şirkətlərin satış bazarına maraqsız olması isə mənzil bazarında qiymətlərin baha olaraq qalmasına şərait yaradır: "Özəl şirkətlərin böyük əksəriyyəti binanı icarəyə götürmək məqsədilə tikməyib. Belə ki, yeni binalar vəsaitlərin yığılmasının bir yoludur. Onlar bu binaları tikməklə faktiki olaraq vəsaitlərinin pul formasında qalmasına və vəsaitlərin dəyərsizləşməsinin qarşısını almağa çalışırlar. Faktiki olaraq bu gün tikilən mənzillərin böyük hissəsi vəsaitin qorunub saxlanması obyekti kimi istifadə olunur. Bu da mənzil bazarında qiymətlərin bahalaşmasına xidmət edir. Bakı şəhərində mənzillərin alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, mənzillərin qiyməti yüksəkdir".