Rauf Əliyev: “Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da inkişaf edəcək” AÇIQLAMA

15 Noyabr 2013 09:39 (UTC+04:00)

"Bütün dünyaya da məlumdur ki, Azərbaycan-Türkiyə qardaş dövlətlərdir və hər zaman bir-birinin yanında olublar. Cənab İlham Əliyevin 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini də məhz Türkiyəyə etməsi iki dövlət arasındakı əlaqələrin möhkəmliyindən xəbər verir". Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.

"Bu səfər ərəfəsində şahidi olduq ki, iki qardaş ölkə arasında görüşlər keçirildi, hökümətlərarası sazişlər imzalandı. Bu sazişlər isə bir daha onu göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Hesab edirəm ki, bu, çox mühüm və vacib səfər idi. Biz bu səfərin sonrakı uğurlu nəticələrinin isə zaman-zaman şahidi olacayıq".

Parlament üzvü Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə də münasibət bildirərək deyib ki, tərəflər arasında görüşlər çox olub: "Noyabrın 19-da planlaşdırılan növbəti görüş də onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın. Rəsmi Bakı tərəfindən bütün məsələlər, təkliflər qarşı tərəfə birmənalı olaraq çatdırılıb. Sadəcə olaraq, işğalçı ölkə bu məsələlərə razılıq verməyərək boyun qaçırır. Amma bütün bunlara baxmayaraq inanıram ki, sonda bu danışıqlar öz həllini tapacaq".