"Qanunların icrasına nəzarət üçün xüsusi qurum yaradılmalıdır"

13 Noyabr 2013 16:29 (UTC+04:00)

"Hazırda Bakı şəhərinin lift sistemi bərbad vəziyyətdədir. Dövlət başçısının buna vəsait ayırmasına baxmayaraq, proses olduqca ləng gedir. Bu gün Azərbaycanda qanunların icrası mexanizmi zəifdir. Təklif edərdim ki, Milli Məclisin və ya Nazirlər Kabinetinin tərkibində qanunların icrası ilə bağlı bir qurum, komissiya yaradılsın və bununla bağlı hesabat verilsin". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, təəssüf ki, bu gün ölkədə hələ də qanunların icrasını həyata keçirməyən və ya keçirmək istəməyən məmurlar, qurumlar və vətəndaşlar var.

Parlamentin spikeri Oqtay Əsədov isə buna etiraz edərək analoji komissiyanın yaradılmasını vacib saymadığını vurğulayıb: "Bu gün Azərbaycanda qanunverici orqan olan Milli Məclis, qanunların icra edən Nazirlər Kabineti var və hər hansı əlavə qurumun və ya komissiyanın yaradılmasına ehtiyac yoxdur. Sadəcə, qanunların işləməsi üçün hər kəs öz işi ilə məşğul olmalıdır".