Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərində xalqın təqribən 85 faizinin dəstəyini almaqla yenidən dövlət başçısı seçilən Prezident İlham Əliyev ilk rəsmi səfərini qardaş Türkiyə Respublikasına etdi. Əlbəttə ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkisilə seçilən dövlətlərin prezidenti seçilmiş şəxslərin ilk rəsmi səfərinin hansı ölkəyə edəcəyi diqqətlə izlənilir və həmin dövlətlərin xarici siyasətinin istiqamətləri haqqında təhlillər aparılır. Həmin səfər çərçivəsində verilən bəyanatlar, işlədilən ifadələr böyük dövlətlərin beyin mərkəzlərinin regional və qlobal təsir baxımdan araşdırma predmetinə çevrilir. Elə Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərini də bu prizmadan qiymətləndirmək olar.
Səfər geosiyasi və geoiqtisadi əhəmiyyətilə qlobal mahiyyət daşıyırdı
Qeyd edək ki, Prezident İlham Əliyevin qardaş ölkəyə rəsmi səfərindən öncə regional səviyyədə verilmiş bəyanatlar geosiyasi gündəmi qapatmışdı. Həm enerji təhlükəsizliyi, həm geoiqtisadi məsələlər, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baxımından maraqlı dövlətlərin ortaya qoyduqları mövqeyə iki qardaş ölkənin verəcəyi cavab səbirsizliklə gözlənilirdi. Çünki, səfərdən öncə Rusiyanın Ermənistandakı hərbi bazasının rəsmisinin təhdid dolu bəyanat səsləndirməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər etməsi, ABŞ prezidenti Barak Obamanın Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması, TANAP və TAP layihələrinə beynəlxalq marağın artması, eyni zamanda, səfər günündə Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı qanun layihəsinin müzakirəsi, ən nəhayət, noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyi haqqında məlumatların yayılması bu səfərə olan diqqəti daha da artırırdı. Göründüyü kimi, səfər öncəsi siyasi-hərbi atmosfer Prezident İlham Əliyevin qardaş ölkəyə ilk rəsmi səfərinin geosiyasi və geoiqtisadi əhəmiyyətilə qlobal mahiyyət daşıdığına işarə edirdi.
Türkiyə-Azərbaycan dostluğu əbədi və sarsılmazdır
Səfərə ümumi qiymətləndirmə ilə yanaşsaq, vurğulamalıyıq ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaşlığımızın sarsılmazlığıni isbatladı və geostrateji çağırışlara layiqli cavab oldu. Səfərin ilk günündə Ankarada Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi, eyni zamanda, önəmli mesajların verilməsi diqqət çəkdi. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə dedi ki, "Çalışacağam ki, bundan sonra Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim birgə icra etdiyimiz layihələr həyata keçirilsin, birliyimiz əbədi, sarsılmaz olsun".
Türkiyə-Azərbaycan əlaqələrinin dünyada unikal olduğunu söyləyən Azərbaycan prezidenti iki dövləti tarix, etnik köklər, ortaq mədəniyyət və siyasi-iqtisadi maraqların birləşdirdiyini vurğuladı: "Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Amma heç bir halda bu xalqlar bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Azərbaycan dövlət müstəqilliyini elan etdiyi gündə bizi ilk tanıyan qardaş Türkiyə olub. Bizim xarici siyasətimizin prioriteti Azərbaycan-Türkiyə əlaqələridir. Bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir".
Son illərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni pilləyə qalxdığını bildirən Prezident İlham Əliyev bu münasibətlərin bölgə və dünya üçün mühüm faktora çevrildiyini də söylədi: "Bizim birliyimiz bölgədə gedən proseslərə təsir göstərir. Regional əməkdaşlıq, regional təhlükəsizlik üçün Türkiyə-Azərbaycan birliyi əsas şərtdir".
Prezident bəyan etdi ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr gələcəyə yönəlib.
Türkiyə Prezidenti Abdullah Gül isə deyib Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə inkişaf etməsinə önəm veririk. A.Gül qeyd edib ki, dünyada baş verən proseslərin fonunda Azərbaycanı stabilliyə qovuşduran bir liderin olması əlaqələrin gələcəyinin təminatıdır. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə gözqamaşdırıcı uğurlara imza atmaqdadır: "Son on ildə Azərbaycana səfərlərim zamanı bu qardaş ölkənin mahir əllərdə necə dəyişərək inkişaf etdiyinin şahidi oluram".
A.Gül bildirib ki, yüksələn rifah və inkişaf səviyyəsinə görə Azərbaycan qısa zamanda qibtə ediləcək ölkəyə çevrilib.
Prezident İlham Əliyevin və Prezident Abdullah Gülün çıxışdan çıxarılmış bu cümlələr bir daha yuxarıda göstərilən geosiyasi və geoiqtisadi mühit fonunda xüsusi çəkisi olan mesajlar kimi dəyərləndirilməlidir.
Bununla yanaşı, Prezident İlham Əliyevin Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olması və şirkətin uçuş qülləsindən "HÜRKUŞ" əsas təlim təyyarəsinin və "T129" hücum helikopterinin təlim uçuşlarını izləməsi isə qardaşın qardaşa təhdidlərə cavab köməyi kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin səfər çərçivəsində baş nazir Rəcəb Tayyip Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və digər rəsmilərlə görüşlər keçirməsi, fikir mübadilələrinin aparılması, bir daha önəmli mesajların verilməsi səfərin mahiyyətini ortaya qoymuş oldu.
Bir sözlə, Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə Respublikasına etməsi Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi fonunda regionda sülh və təhlükəsizlik məsələlərində güc balansının qorunmasına, siyasi və hərbi təhdid və çağırışların cavabsız qalmayacağına, qlobal etibarlı əməkdaşlığa hər zamankı kimi töhfələr veriləcəyinə işarə edildi. Həmçinin, bu səfər yaxın perspektivdə atılacaq addımları müəyyənləşdirdi. Yəni, Azərbaycan geosiyasi baxımdan Ermənistanla aparılacaq danışıqlar ərəfəsində əlini daha da gücləndirdi. Bu səfərin nəticələrinin isə əlbəttə ki, yaxın müddətdə şahidi olacağıq...