"İlham Əliyevin Abdullah Güllə görüşü Azərbaycan və Türkiyə münasibətlərini ən yüksək səviyyədə yenilədi. Onların görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti var". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azay Quliyev İlham Əliyev və Abdulla Gülün görüşü barədə danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyə güclü müttəfiqdir: "Digər tərəfdən konkret sahələr üzrə imzalanan müqavilələrin gələcəkdə həm Azərbaycan, həm də Türkiyənin istər iqtisadi, istərsə də siyasi təhlükəsizliyinə, digər ümumi iş birliyinə xüsusi töhfəsi olacaq".
Dağlıq Qarabağın mərkəzi Xankəndində Ermənistan ordusunun kəşfiyyat günü münasibətilə keçirdiyi hərbi təlimlər zamanı erməni əsgərlərinin Azərbaycan və Türkiyə bayraqlarının təhqir olunmasına münasibət bildirən millət vəkili qeyd edib: "Bizim media da bunu tirajladı. Mən bunun əleyhinəyəm. Biz buna çox fikir verməməliyik. Ordumuzun gücü ilə həmin bayrağı Xankəndinə, Şuşaya sancanda bu, bizim onlara ən tutarlı cavabımız olacaq".