Azərbaycan-İtaliya Biznes Forumu keçirilib

13 Noyabr 2013 13:30 (UTC+04:00)

Bu gün paytaxt Bakıda İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya Biznes Forumu keçirilib. SİA xəbər verir ki, biznes forumda tikinti, infrastruktur, memarlıq, dizayn, inşaat materiallarının istehsalı və hidroenergetika sahələrində fəaliyyət göstərən 120-dən çox Azərbaycan şirkətinin, 50-dən artıq İtaliya şirkətinin nümayəndələri iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanla İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini bildirib. Onun sözlərinə görə, biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən tədbirlər iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır: "Azərbaycan siyasi və makroiqtisadi cəhətdən sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkədir. O eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi formalaşmış dövlətdir. İtaliya ilə ölkəmiz arasında kifayət qədər inkişaf etmiş əlaqələr mövcuddur və bu kimi tədbirlər hər iki ölkənin iqtisadiyyatına öz töhfəsini verəcək".

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin və iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) RƏHBƏRİ Rüfət Məmmədov və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (İCE) prezidenti Riccardo Maria Monti Azərbaycan və İtaliyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər. Forum çərçivəsində AZPROMO ilə İCE arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.