"2014-cü ilin Dövlət büdcəsi ümumilikdə, ölkənin iqtisadi mənzərəsini özündə əks etdirən mütərəqqi büdcədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Milli Məclisdə 2014-cü ilin Dövlət büdcəsinin müzakirəsi zamanı sosial sahələr üzrə bölgü sisteminin necə aparılması məsələsinə aydınlıq gətirərkən deyib.
İqtisadçının sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət büdcəsi hər zaman sosialyönümlü büdcə olub: "Bununla belə biz Dövlət büdcəsini sosialyönümlü şəkildə xarakterizə etməklə yanaşı, burada böyük layihə tutumlu vəsaitlər də öz əksini tapıb. Bildiyiniz kimi, sosialyönümlü büdcənin tərkibində səhiyyəyə, təhsilə, mədəniyyətə ümumilikdə isə sosial sferaya xüsusi önəm verilir. 2014-cü ilin Dövlət büdcəsində əməkhaqqlarının artırılması (minimum əməkhaqqının, təqaüdlərin, pensiyaların və s.) üçün kifayət qədər vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunların fonunda 2014-cü ilin Dövlət büdcəsində vəsait mənbələri müəyyənləşdirilib. Büdcədə təkcə əməkhaqqı və zəruri xərclərin artımı üçün 600 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır".