"Müxalifətdə olan "İrs" partiyası üzvlərinin Ermənistan parlamentində "Qondarma Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı məsələ qaldırmasının "Dağlıq Qarabağ"ın tanımasına heç bir aidiyyatı yoxdur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu məlum məsələyə münasibət bildirərkən deyib.
M.Əhmədoğlu bildirib ki, Ermənistan heç vaxt "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanıya bilməz: "Əgər Ermənistan özündə cürət tapsaydı, ilk öncə "qondarma erməni soyqırımını" ranıyardı. Ümumiyyətlə isə Ermənistan "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıya bilməz. Çünki, "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıyacaqsa, Ermənistan beynəlxalq aləm qarşısında götürdüyü öhdəliyi pozmuş olacaq. Beynəlxalq ictimaiyyət razılaşdırıb ki, Ermənistan "Dağlıq Qarabağ"ı tanımır, Azərbaycan isə müharibə başlamır və danışıqlar yolu ilə münaqişə həll olunur".
Ermənistanın "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanıması Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlamasını labüdləşdirir
Politoloq vurğulayıb ki, Ermənistanın "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanıması Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlamasını labüd edir: "Bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yəni Azərbaycan istənilən halda hücum edə bilər".
""Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanıması ilə bağlı qanun layihəsinin Ermənistan parlamentində gündəliyə çıxarılması ölkə daxili siyasi proseslərlə bağlıdır. Bu gün Ermənistanda vəziyyət hədsiz dərəcədə gərgindir. Sadəcə olaraq, "erməni xalqı"nın spesifik xüsusiyyətinə görə bu gərginlik nəzərə az çarpmır. Çünki ermənilər Azərbaycanla əlaqəli daxilində baş verən prosesləri gizlətməyi bacarırlar. Hakimiyyətdən narazı olan xalq kütlələri isə etiraz əlaməti olaraq ölkədən qaçır, - deyə M.Əhmədoğlu sözlərinə əlavə edib.
Ermənistandakı partlayış vəziyyəti "Qarabağ klanı"nın istənilən anda süpürüb ata bilər
Politoloq bildirib ki, artıq erməni müxalifəti Serj Sarkisyanın zəif yerini tapıb: "Ona görə də çalşırlar ki, "Dağlıq Qarabağ" və bu kimi məsələlərlə ona təzyiq etsinlər. Vaxtı ilə "İrs" partiyası "Dağlıq Qarabağ" məsləsində Serj Sarkisyana uzun müddətlı təzyiqdən sonra bu təzyiqi dayandırmışdılar. Bu gün "İrs" partiyası bu motivasiyanı əsas götürərək Serj Sarkisyana qarşı mübarizə aparırlar. Hansı əsaslarla olmağına baxmayaraq belə hadisələr istənilən anda Ermənistanda partlayış vəziyyəti yarada bilər və "Qarabağ klanı"nı istənilən anda süpürüb ata bilər".