Lənkəranda Dövlət Bayraq Günü qeyd olunub FOTOLAR

8 Noyabr 2013 18:50 (UTC+04:00)

Noyabrın 8-də Azərbaycan Respublikası Dövlət Bayraq Günü Lənkəranın Bayraq meydanında təntənəli surətdə qeyd olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Dövlət Bayrağımıza həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.

Sonra "Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim" adlı bayram tədbirində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonun incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, bir-birindən maraqlı şeirlər səsləndirilib, rəngarəng mahnılar ifa olunub. Bildirilib ki, Azərbaycan Bayrağı – Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir. Sonra bu günün əhəmiyyətindən, bayrağımızın yaranma tarixindən danışılıb.

Qeyd edilib ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Bayraq Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir.

Bayram tədbirində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak ediblər

Sərraf Mirsəfəroğlu