Ramil Qasımov Tofiq Quliyevin ad günü münasibəti ilə konsert verib FOTO

8 Noyabr 2013 17:13 (UTC+04:00)

Azərbaycanın tanınmış vokalçısı Ramil Qasımov görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış edib. SİA-nın verdiyi xəbərə görə, fortepianonun müşayiəti ilə baş tutan bu konsertin əvvəlində Ramil Qasımov bəstəkarla bağlı xatirələrini danışıb: "Yadımdadır mənim 11 yaşım var idi. Müəllimim xalq artisti, professor mərhum Mobil Əhmədovla Bəstəkarlar İttifaqına gəldik. O gün hava yaman soyuq idi. Yolda gedərkən müəllimim mənə dedi: - Bax "Bəxtiyar" kino – filmində dahi Rəşid Behbudovun oxuduğu mahnı var a, indi onu yazan bəstəkarın yanına gedirik. Mənim üçün bu böyük bir xoşbəxtlik idi ki, mən o böyük bəstəkarı həyatda görəcəyəm. İçəri daxil olduq. Bizi qapıda Ülviyyə xanım adlı köməkçi qarşıladı və mən nurani, ziyalı bəstəkarla görüşdüm. Mobil müəllim məni Tofiq müəllimə təqdim etdi və söylədi: Tofiq müəllim, Ramilə "Sənə də qalmaz"ı öyrətmişəm. Qulaq asarsınızmı? Böyük cəsarətlə həmçinin həyəcanla əsəri oxumağa başlamışdım ki, bəstəkar özü royal arxasına keçdi və məni müşayiət etdi. Sevincimin həddi –hüdudu yox idi. Sonda üzümdən öpüb, Mobil müəllimə dedi: bu uşaqla ciddi məşğul ol. Müəllimlə bir qədər söhbətdən sonra biz otaqdan çıxanda birdən Tofiq müəllim dedi: - Mobil, bayır soyuqdur, uşağı şərfsiz qoyma çıxsın və Tofiq müəllim öz şərfini mənim boynuma dolayıb dedi:- Bala məndən sənə bir yadigar. Mən onda bəstəkarın nə qədər nəcib, diqqətli, eyni zamanda sadə bir insan olduğunu gördüm".

Gecədə Ramil Qasımovun ifasında bəstəkarın "Bakı", "Sevgilim", "Sən mənimsən, mən sənin", "Zibeydə", "Darıxma", "Sənə də qalmaz", "Lirik mahnı", "Bakı haqqında mahnı"ları ifa olunub.

Qeyd edək ki, konserti fortepianoda Ülviyyə Əliyeva müşayiət edib. Sonda Ramil Qasımov bildirib ki, belə canlı konsert proqramlarını ayda bir dəfə keçirməyi planlaşdırır.