İndi yerdə biz, göydə də Allah, burada "Azadlıq" qəzetinin birbaşa qəsdi-qərəzliyi, bötan və şantajçılığı göz qarşısında deyilmi? Məgər bir informasiyanı öz xoşu ilə dəyişdirərək, onu hər hansı şəxsə, yaxud şəxslərə qarşı istifadə etmək hansı etik normaya sığa bilər? Əlbəttə ki, heç birinə. Sadəcə bu qəzet Əli Kərimlinin inhisarı altında olduğuna görə bundan sonra da məhkəmələrdə sürünməyə məcbur qalacaq. Adını da qoyacaqlar ki, "hakimiyyət "Azadlıq"ı susdurmaq istəyir" və s.
Əgər nəzərə alsaq ki, Eynulla Fətullayev ümumiyyətlə, sərbəst, müstəqil jurnalistdir və onun heç bir hakimiyyət dairələrinə bağlılığı, aidiyyatı yoxdur, bu zaman "Azadlıq" qəzetinin sonrakı hay-küyü də heç nəyi dəyişməyəcək. Sağlam düşüncəli cəmiyyət yaxşı bilir ki, kim-kimdir və "Azadlıq"ın bu hoqqsı arxasında daha hansı qaranlıq məqamlar dayanıb. Ona görə də bu qəzeti istədiyi kimi idarə edən AXCP sədrinə bir sualımız var – bəlkə bunu da hakimiyyət elədi? Əgər "hə" desə, onda yüz faiz əmin olmalıyıq ki, bunların məqsədləri həqiqətən də normal insanlıq çərçivəsinə sığmayan əməllər törətməkdən başqa heç nə deyilmiş.