Məlum olduğu kimi bir neçə gün öncə Rusiya ultramillətçiləri ənənəvi "rus marşı" keçirdilər. Nəzərinizə çatdıraq ki, Moskva meriyası ultramillətçilərin noyabrın 4-də paytaxtda gəlmələrə qarşı "rus marşı" keçirməklə bağlı müraciətinə müsbət cavab vermişdi. Noyabrın 4-də Moskvada 9 mitinq keçirildi.
Onu da qeyd edək ki, hər il olduğu kimi bu aksiyalar zamanı miqrantlara hücumlar baş verəcək. Son zamanlar Rusiyada, xüsusən də Moskvada azərbaycanlılara münasibətin dəyişməsi ilə eyni dövrə təsadüf edən yürüşlə bağlı artıq azərbaycanlı miqrantlara xəbərdarlıq edilmişdi. Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev azərbaycanlılara müraciət edərək özlərini rus millətçilərinin qəzəbindən qorumağa çağırıb. İ.Hacıyev məktəblərdə oxuyan azərbaycanlıları, müxtəlif sənət sahibləri olan soydaşlarımızı mümkün qədər ehtiyatlı olmağa da çağırış etmişdi.
Belə görünür ki, Rusiyanın hazırkı hakimiyyəti artan millətçilik dalğasına qarşı faktiki olaraq heç bir real addım atmır. Əksinə, bir sıra ekspertlərin fikrincə, Rusiya hakimiyyəti millətçilik faktorunu qızışdırmaqda maraqlı görünür. Hesab olunur ki, Rusiyanın hazırkı hakimiyyətinin apardığı siyasət belə hadisələrin qarşısını ala bilmir. Söhbət təkcə Azərbaycana qarşı münasibətdən də getmir. Ümumiyyətlə, rus millətçiliyi əvvəl-axır rusları başqa iddialara gətirəcək. "Biz Amerika kimi superdövlət olmaq istəyirik", "Avropanın yarısını yenə də almaq istəyirik" kimi şüarlar, təbii ki, şovinizm xülyası olaraq qalacaq. Amma fakt budur ki, bu, indiki hakimiyyətin apardığı siyasətin tərkib hissəsidir.
Axı Rusiya-Azərbaycan münasibətləri dostluq, strateji əməkdaşlıq münasibətlərinə əsaslanır. Əslində bəzi hallarda biz buna ya özümüzü inandırırıq, ya da inandırmaq istəyirik. Belə ki, Rusiya hakimiyyətinin SSRİ-ni bərpa etmək kimi ehtimalları son nəticədə bu ölkədə millətçiliyin aşırı şəkildə baş qaldırmasına gətirib çıxardı desək daha düzgün nəticə çıxarmış olarıq...
Belə ki, Rusiyada miqrantlara qarşı nifrətin qızışdırılması milli zəmində nifrət və təxribatlara səbəb ola bilər. Lakin bu görünüş etibarilə Rusiyanı heç də narahat etmir. Təsəvvür edək ki, Moskvada təzyiqlərlə üzləşən, qovulan, döyülən və hətta öldürülmüş birinin yaxınları rus millətinə qarşı yalnız nifrət bəsləyək. Sabah bu kimi bilərəkdən və ya bilməyərəkdən mövcud olan siyasi müstəvidə cərayan edən manevr başdan ayağa kimi səhvdir. Görünən odur ki, bu gün bu təxribatlar həm də Rusiyanın indiki hakimiyyətinin bəzi qaranlıq dairələrinin maraqlarındadır. Belə ki, belə dolaşıq məslədə onu qeyd edək ki, Rusiyanın bu siyasi manevrinə hərə bir cür anlam verməyə çalışır. Bir çoxları hətta düşünür ki, bu məslədə söhbət təkcə Azərbaycandan getmir və Rusiya keçmiş ittifaq respublikaları əllərindən çıxdığı üçün bu kimi vasitələrdən bir təzyiq forması kimi istifadə edirlər. Azərbaycana bu şəkildə, Orta Asiyaya başqa şəkildə təzyiq formaları işə salınır. Bunlar isə təsadüfi məsələlər deyil.