Masallı rayonunda ağır yol qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə noyabrın 3-də saat 20.00 radələrində Ələt-Astara yolunun 156-cı km-də, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Alvadı kənd sakini, 1977-ci il təvəllüdlü Abid Habil oğlu Qasımovun idarə etdiyi "VAZ-2107" markalı, 10 NR 424 dövlət nömrə nişanlı avtomobil Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Samur Həsənağa oğlu Talıbovun idarə etdiyi "KamAZ" markalı, 44 BM 812 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsünü və "VAZ-2107"-də olan 4 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.
Həkimlərin səyinə baxmayaraq, "VAZ 2107"-nin sürücüsü Abid Habil oğlu Qasımovu və sərnişinlərindən birini, Təzə Alvadı kənd sakini, 1986-cı il təvəllüdlü Rövşən Zakir oğlu Qasımovu xilas etmək mümkün olmayıb. Onlar xəstəxanada dünyasını dəyişiblər. Digər xəsarət alanların vəziyyəti orta ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
Sərraf Mirsəfəroğlu