Müsavat gedir, "Milli Şura"nın bir qanadı qırılır

5 Noyabr 2013 15:20 (UTC+04:00)

"Milli Şura"da baş verən ziddiyyətlər genişlənməkdə davam edir. Belə ki, budəfəki iddialar daha ilginc görünməyə başlayıb. Daha dəqiq desək, bu dəfə qurumun dağıdılması istiqamətində Müsavat partiyasının canfəşanlıq etdiyi iddia edilməkdədir. Artıq "Yeni Müsavat" qəzeti bu məsələdə daha kəskin mövqe ortaya qoyub.

Bu arada Cəmil Həsənli mətbuata açıqlamasında bildirib ki, Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı və Liberal Partiyanın sədri Əvəz Temirxanın söylədiklərinin hamısı xırda məsələlərdir, üçüncü bir söz demək niyyətində deyil. Xatırladaq ki, Ə.Temirxan ötən həftə verdiyi açıqlamasında C.Həsənlinin seçki qərargahının rəhbəri olmuş Arif Hacılının ALP təmsilçilərinin prezidentliyə namizədin vəkili kimi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə mane olduğunu bildirib. ALP sədri C.Həsənlinin bununla bağlı iki dəfə A.Hacılıya zəng açsa da, A.Hacılının onun xahişlərini də yerinə yetirmədiyini söyləyib. Beləliklə, görünən həm də budur ki, yalnız Rauf Arifoğlu deyil, Müsavat partiyasının digər funksionerləri də istər seçki prosesində, istərsə də seçkidən sonrakı dövrdə "Milli Şura"ya zərbə vurublar, partiyaların qurumdan ayrılmasına rəvac veriblər.

Məhz bu səbəbdən, Rauf Arifoğlunun qəfildən "AXCP ilə Müsavat birləşsin, Cəmil Həsənli sədr olsun" təklifi də təsadüfən ortaya atılmadığını zənn etmək mümkündür. Daha dəqiq desək, o İ.Qəmbərin təlimatına əsaslanaraq cəhd edir ki, "Milli Şura" dağılsın, onun və Pənah Hüseynin söz sahibi olduğu "İctimai Palata" bərpa edilsin.

Eyni zamanda, A.Hacılının "Milli Şura"ya qarşı sərgilədiyi siyasəti də ilgincdir. Ehtimal etmək mümnüdür ki, Hacılı başqan postuna real namizəddir. R.Arifoğlu isə AXCP-nin nəzarətində olan C.Həsənliyə təsir göstərib, ALP əleyhinə danışdıra bilməsə də, A.Hacılıya təsir edə bilib.

Bu zaman daha bir sual yaranır - A.Hacılı və R.Arifoğlu İ.Qəmbərin də marağında olan "Milli Şura"nın dağıdılması planını həyata keçirə biləcəklərmi? Müşahidələr onu göstərir ki, ənənəvi müxalifət öncəki mövqelərini əhəmiyyətli dərəcədə itirib. Müsavat proseslərə təsir etmir, əksinə arxasınca düşür. Bu zaman, qənaətə gəlmək mümkündür ki, Müsavat "Milli Şura"dan istefa verə bilər. Müsavatın qurumdan getməsi isə artıq "Milli Şura"nın bir qanadının qırılması kimi başa düşülür.