Elman Abdullayev: “Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən edilən təxribatlara göz yummamalıdır” AÇIQLAMA

30 Oktyabr 2013 16:20 (UTC+04:00)

"Ermənistanda münaqişənin həlli ilə bağlı lazımi siyasi iradə yoxdur. Təbii ki, bu da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinin davam etməsinə gətirib çıxarır". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Dağlıq Qarabağdakı separatçı, qondarma qurumun tərəf kimi iştirak etmək istəmələrinə münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, digər amil isə beynəlxalq ictiamiyyətin bu məsələlərə laqeyd və ikili standartlardan yanaşması ilə bağlıdır: "Burada Ermənistana heç bir təsir göstərilmir. Bu iki məqam münaqişənin indiyədək həll olunmamasının əsasında dayanır. Ermənistan Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ regionunu işğal etməklə öz təcavüzkar siyasətini ortaya qoydu. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz parçası, eləcə də ölkəmizin işğal olunmuş ərazilərinin bir hissəsidir. Bu regionda hazırda mövcud olan qondarma rejim yalnız rəsmi İrəvanın verdiyi tapşırıqları yerinə yetirir. Ümumiyyətlə, bu qondarma rejimin orada əkilib-becərilməsi Azərbaycan xalqının etnik təmizləməsi əsasında həyata keçirilib. Minlərlə günahsız insanın öldürülməsi, ata-baba yurdlarından didərgin salınması hesabına qondarma qurum yaradılıb".

Elman Abdullayevin hesab edir ki, bu gün beynəlxalq ictimaiyyət öz ittihamlarını rəsmi İrəvana qarşı yönəldib, onu dövlətimizin ərazilərini işğal etməkdə ittiham edir və Azərbaycanın ərazilərinin ölkəmizə qaytarılmasına çağırır: "Hətta 2012-ci ilin aprel ayında Avropa Parlamentinin qətnaməsində Ermənistanı Dağlıq Qarabağa nizami ordunun göndərilməsini dayandırmağa çağrılıb. Bu gün beynəlxalq ictimaiyyət, bütövlükdə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Ermənistanın işğalçı siyasətini pisləyirlər. Bu gün Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar da Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması və oradan qovulan azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına yönəlib. Əgər biz münaqişənin diplomatik, siyasi yolla həllinə çalışırıqsa və inanırıqsa ki, münaqişənin həlli üçün diplomatik, siyasi potensial tükənməyib, hesab edirəm ki, bu zaman beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən edilən təxribatlara göz yummamalıdır. Çünki burada işğalçı dövlət başlıca olaraq Ermənistan tərəfidir".