Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova yaxın günlərdə Qazaxstan Respublikasının Karaqanda şəhərinə səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, bənzərsiz ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı solist 1-4 noyabr tarixlərində burada keçiriləcək "Operetta və müzikl ulduzları" III Beynəlxalq Festivalında iştirak edəcək.
Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" Respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub. 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub. Vokalçı, həmçinin, 2012-ci ildə Karakandada keçirilən "DOCSTAR" I Beynəlxalq Açıq Müsabiqəsində I yeri tutub.
Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak etmiş, simfonik və kamera orkesterlərinin müşayəti ilə klassik və müasir əsərləri böyük ustalıqla ifa edib.
Qeyd edək ki, 2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərən aktrisa repertuarda olan "Talelər qovuşanda" tamaşasında Nərgiz, "Volqalı canan"da Mülayim, "Bir günlük siğə"də Mələk, "Aldın payını, çağır dayını"da Süsən, "O olmasın, bu olsun"da Gülnaz, "Qısqanc ürəklər"də Səbinə, "Bayadera"da Odetta, "Arşın mal alan"da Gülçöhrə, "Xanuma"da Keto kimi obrazları özünəməxsuz ustalıqla oynamış, yaddaqalan obrazlar silsiləsi yaradıb.