Daşkəsəndə doqquz ayın sosial-iqtisadi inkişafının yekunları uğurlu olub FOTOLAR

21 Oktyabr 2013 18:16 (UTC+04:00)

Bu gün Daşkəsəndə 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan ümumrayon toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 6-da Prezident sarayında, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. O qeyd edib ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2013-cü ilin doqquz ayında bir çox nailiyyətlər əldə olunub: "Rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 34,4 faiz artıb. 2013-cü ilin doqquz ayında tikinti 21 milyon 810 min manat (əvvəlki ilə nisbətən 3,5 dəfə çox), kənd təsərrüfatı məhsulları 20 milyon 355 min manat (3,4% çox), nəqliyyat üzrə 1milyon 912 min manat (1,2% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 10 milyon 295 min manat (3,7% çox), rabitə xidmətləri üzrə 145 min manat (13,4% çox) olub. Hesabat ilində rayonda əhalinin sayı 245 nəfər artaraq 33 min 623 nəfər olub. Həmin dövrdə rayonda 209 iş yeri yaradılıb. 2013-cü ilin doqquz ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilir".

Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan xalqının 2013-cü ilin 9 oktyabr seçkilərində seçimi son on ildə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür.

Oktyabrın 9-da keçirilən Prezident seçkiləri bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayiş etdirib.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda qarşımızda çox məsul və şərəfli vəzifələr durduğunu vurğulayıb.

Daha sonra tədbirdə RIHB-nın müavini Cavanşir Qocayev, Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nın Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev, Daşkəsən şəhər 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova məruzə ətrafında çıxış ediblər, 9 ayda rayonda görülən işlərdən minnətdarlıqla danışıblar.