Oktyabrın 9-da keçirilən prezident seçkiləri bir daha ölkəmizin hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olduğunu nümayiş etdirdi. Bu dəfə də xalqın seçimi dəyişmədi. Bu dəfə də xalq dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev siyasətinin davamına- Cənab İlham Əliyevə səs verdi. Böyük coşqu və fərəh hissi ilə keçirilən inaqurasiya mərasimində Prezident İlham Əliyev tarixi çıxış etdi. Söhbət etdiyimiz müsahiblərimiz Cənab İlham Əliyevin andiçmə mərasimindəki geniş nitqinin əsas qayəsinin Azərbaycanın əldə etdiyi uğurlar və bunun əsasında yeni mərhələdə qarşımızda duran vəzifələr, onların həlli yolları olduğunu bildirdilər.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı: "Uğurla başa çatan prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətini uğurla və qətiyyətlə davam etdirən Cənab İlham Əliyevə böyük dəstək verdi və bu seçkilər Azərbaycanı yeni mərhələyə, yeni bir dövrə daxil etdi. Cənab İlham Əliyevin andiçmə mərasimindəki geniş nitqinin əsas qayəsi Azərbaycanın əldə etdiyi uğurlar və bunun əsasında yeni mərhələdə qarşımızda duran vəzifələr, onların həlli yolları idi. 22 illik müstəqillik tarixi olan Azərbaycanın son 10 ili Cənab İlham Əliyevin rəhbərliyi dövründə qazandığımız uğurlardan ibarətdir. Hər bir xalqın, millətin qarşısında duran bir çox vacib məsələlər, strateji hədəflər var. Uzun illər müstəqillik həsrəti ilə yaşayan xalqımız hazırda müstəqilliyini tam bərqarar etmiş siyasi-iqtisadi təhlükəsizliyinin tam təmin olunduğu bir dövürdə yaşayır. Bundan sonra da yolumuz zəngin və güclü Azərbaycandır. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bir çox həssas məqamlara toxundu. Həm Azərbaycan xalqına, həm də dünya ictimai rəyinə, mediasına Azərbaycanla, onun qarşısında duran vəzifələrlə bağlı praqmatik ismarıclar ünvanladı. İlk öncə strateji hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail olmaq və tarixi torpaqlarımızın bərpasıdır. Prezidentimizin andiçmə mərasimində söylədiyi fikirlər bizim növbəti illər üçün proqramımızdır və proqramın reallaşmasında Prezident İlham Əliyevin Sədri olduğu YAP hər zaman olduğu kimi, avanqard rolunu oynayacaq".

Millət vəkili Aydın Mirzəzadə: "Cənab İlham Əliyevin 10 illik prezidentlik fəaliyyəti dövründə bir çox uğurlara imza atıldığı hər bir vətəndaşımızın gözü önündədir. Cənab İlham Əliyevin inaqurasiya mərasimindəki nitqi, vurğuladığı məsələlər Azərbaycan xalqının rifah halının yüksəlməsinə yönəlmişdi. İqtisadiyyatımızın gücləndirilməsi, beynəlxalq aləmə inteqrasiyası, başlanılacaq olan regional layihələr haqqında ölkə başçısının fikirləri bir daha onu göstərir ki, gələcək beş ildə də uğurlarımızın sayı hesabı olmayacaq. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sədaqətli olan Cənab İlham Əliyevin əsas hədəfi ölkə müstəqilliyini qoruyub saxlamaqla, ərazi bütövlüyünə nail olmaqdır. Azərbaycan bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətlə çalışacaq. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ölkə başçısının amalıdır. Mən ümumiyyətlə Cənab Prezidentin andiçmə mərasimini Azərbaycanın bu gününə və gələcəyinə bir politoloji baxış kimi qiymətləndirirəm".

Millət vəkili, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva: "Prezident İlham Əliyev parlamentdə andiçmə mərasimində Azərbaycan xalqına təşəkkür etməklə yanaşı, dövlətimizin inkişafı ilə bağlı planlarını açıqladı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın inkişafı naminə atılan addımlar, sosial rifah dövləti haqqında fikirlərini çatdırmaqla bildirdi ki, bundan sonra da Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edəcək və vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsi üçün gələcəkdə də mühüm addımlar atılacaq. Cənab prezident bütün məmurları təvazökar olmağa və xalqa ləyaqətlə xidmət etməyə çağırdı. Elə andiçmə mərasiminin sadə şəkildə təşkili özü ali təvazökarlığın göstəricisi idi. Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün dünya Dağlıq Qarabağı ölkəmizin ayrılmaz hissəsi kimi tanıyır. Bu mənada Azərbaycanın mövqeyi birmənalıdır. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Ümumən Azərbaycanın perspektivi ilə bağlı məsələlərdən də danışan Prezident İlham Əliyev bundan sonra da ölkəmizin dinamik inkişafının davamı üçün böyük proqramların reallaşdırılacağından və hər bir insanın həyatına müsbət təsir edəcək addımların atılacağından danışdı. Biz tam əminliklə söyləyirik ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələri fəth edəcəyik".
Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı: "9 oktyabrda Azərbaycan xalqı öz prezidentini, öz liderini seçərək gələcək yollarını seçmiş oldu. Möhtərəm prezidentimiz xalqı, dövləti üçün gördüyü işlər, həyata keçirdiyi dünyamiqyaslı layihələr, həm daxili, həm də xarici siyasəti ilə xalqımızın lideri oldu. Azərbaycan xalqı sözdə danışanlara deyil, əməli ilə ölkəmizi inkişaf etmiş ölkələr sırasına daxil etməyə çalışan liderə səsini verdi. Xalq onun 10 il ərzində gördüyü işləri görür və növbəti illərdə də Azərbaycanın daha çox uğurlar əldə edəcəyinə inanır. Mən bir millət vəkili olaraq fəxr edirəm ki, Cənab Prezidentin inaqurasiya mərasimi məhz parlamentdə keçirildi. Bu, dövlət başçısının xalqına, millətinə olan sevgidən irəli gələn bir addım kimi dəyərləndirilməlidir. Xalqın seçimi ilə seçilmiş millət vəkillərinin qarşısında and içmək təqdirəlayiqdir. Mən Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm".
İntizarə Məmmədova