Suriya münaqişəsinin nizamlanması üzrə "Cenevrə-2" konfransı gələn ay keçiriləcək

21 Oktyabr 2013 00:05 (UTC+04:00)

Cenevrədə Suriya münaqişəsinin dinc yolla nizamlanması üzrə beynəlxalq konfrans noyabrın 23-də keçiriləcək. Bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil əl-Ərəbi bildirib.

Onun sözlərinə görə, ona qarşıdakı konfransın tarixi barədə Qahirədəki görüşdə BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahimi məlumat verib:

"Mən Brahimi ilə Suriya mövzusunu müzakirə etdim və o bildirdi ki, Cenevrə görüşü noyabrın 23-nə nəzərdə tutulub, bu konfransa hazırlıq tədbirləri görülüb".

Qeyd edək ki, Suriya münaqişəsinin nizamlanması üzrə "Cenevrə-2" konfransının keçirilməsinin təşəbbüskarları Rusiya və ABŞ-dır.