AMİU XXII Beynəlxalq baxış-müsabiqəsində uğur qazanıb

11 Oktyabr 2013 16:57 (UTC+04:00)

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində memarlıq məktəblərinin buraxılış işlərinin XXII Beynəlxalq baxış-müsabiqəsi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AMİU) müsabiqəyə bu ali təhsil ocağının memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası ixtisasları üzrə 12 buraxılış işi və 6 magistr dissertasiyası təqdim edilib.

Müsabiqədə AMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dizayn kafedrasının müdiri, professor N.Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunurub. Müsabiqəyə Sankt-Peterburq şəhəri Memarlar İttifaqındakı qrafik işlərin sərgisi, elmi-metodik konfrans, dərslik və dərs vəsaitlərinin müsabiqəsi və digər tədbirlər daxil idi.

Müsabiqəyə AMİU-dan göndərilən 12 bakalavr işi və 6 magistr dissertasiyası fəxri diploma layiq görülüb (10 nəfər I dərəcəli, 7 nəfər II dərəcəli, 1 nəfər III dərəcəli diplom). Qaliblər arasında 1 bakalavr buraxılış işi Rusiya Federasiyasının Memarlar İttifaqının, 1 magistr dissertasiyası isə Beynəlxalq Memarlar Assosiasiyasının fəxri diplomuna layiq görülüb. Beynəlxalq müsabiqənin yeni şərtlərinə görə, həmin qaliblərin rəhbərləri də Beynəlxalq Regional İctimai Təşkilatın laureat diplomları ilə mükafatlandırılıblar. Fakültə həmin müsabiqədə dərslik və dərs vəsaitləri nominasiyasında da iştirak edib və müəllif laureat adını qazanıb.

Qeyd edək ki, müsabiqənin 2014-cü ildə AMİU-da keçirilməsi gözlənilir.