Daşkənddə “Əmir Teymur” romanının təqdimatı keçirilib FOTO

2 Oktyabr 2013 10:36 (UTC+04:00)

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun Daşkənddə özbək dilində nəşr edilmiş "Əmir Teymur" romanının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın ədəbiyyat və mədəniyyət sahəsində çalışan mütəxəssislər, ədəbiyyatşünaslar, Teymurşünaslar, Daşkənddəki ali, orta məktəblərin tələbə və şagirdləri, azərbaycanlılar, KİV nümayəndələri və başqaları iştirak ediblər.

Kitabı Özbək dilinə tərcümə edən şair və tərcüməçi Usman Kuçkardır. O, mütəmadi olaraq Azərbaycan ədəbiyyatından Özbək dilinə tərcümələr edir və ədəbiyyatımızı Özbəkistanda təbliğ edir.

Mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin binasının qarşısındakı abidəsi önünə çiçək dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları böyük sərkərdə Əmir Teymurun paytaxtın mərkəzindəki abidəsi önünə əkili və çiçəklər qoyublar.
Təqdimat mərasimini Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə açaraq Yunus Oğuzun həyat və yaradıcılığı, o cümlədən "Əmir Teymur" romanı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, indiyədək Yunus Oğuzun "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah" və "Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları işıq üzü görüb. 2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Atilla" və "Qədim türklər və rasionallıq nəzəriyyəsi" kitabları Türkiyədə böyük tirajla çap olunub. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin bu kimi layihələrə dəstək durduğunu və iki dost xalqın müştərək mədəniyyəti, ədəbiyyatı, incəsənətinə dair tədbirlərin, nəşrlərin davam etdiriləcəyini bildirib.

Filologiya elmləri namizədi Qulbaxor Aşurova "Əmir Teymur" romanının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti haqqında ətraflı söhbət açıb.

Jurnalist, Özbək mətbuatının aparıcı qəzeti "Dərəxçi"nin baş redaktoru Rüstəm Cabbarov "Əmir Teymur və Azərbaycan" mövzusu ətrafında məlumat verib. O, çıxışının bir hissəsini Azərbaycanca edib.

Tarix elmləri namizədi Qəhrəman Rəcəbov, filologiya elmləri namizədi Sultanmurad Olim, şərqşünas alim Qulam Kərimli, özbək dilində nəşr edilib "Caxon adabiyyatı" jurnalının baş redaktoru Şuxrat Rzayev və başqaları Əmir Teymuru dövlət başçısı, sərkərdə və şəxsiyyət kimi təhlil edib, Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən danışıblar.

Nəzərinizə çatdıraq ki, kitabın müəllifi Yunus Oğuz çıxış edərək əsər üzərindəki işi, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun qəhrəmanlığı haqqında danışıb. O, bildirib ki, Əmir Teymur bütün türkdilli xalqların ortaq qəhrəmanıdır və onu dünyaya sevdirməliyik. Yunus Oğuz əsərin Özbəkistanda nəşr edilməsində əməyi olanlara təşəkkür edib.

Qeyd edək ki, tədbirin sonunda müəllifin kitablara imzaqoyma mərasimi olub və iştirakçılara "Əmir Teymur" romanı, habelə Azərbaycanla bağlı kitablar hədiyyə edilib.