Artıq oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə az müddət qalıb. Azərbaycanın mərkəz şəhərləri olan Bakıda, eləcə də bölgələrimizdə seçkiqabağı təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə aparılır. Biz də SƏS TV olaraq Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sorğu keçirmək qərarına gəldik. Şəhər sakinlərinə prezidentliyə namizədlər haqqında məlumata malik olduqlarını və oktyabrda kimə səs verəcəklərini barədə suallar ünvanladıq. Rəyi soruşulanların əksəriyyəti seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Mahir Məmmədov: "Mənim seçimim artıq məlumdur. Bu, cənab Prezident İlham Əliyev olacaq. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı olan dövlət başçımız son 10 il ərzində gördüyü işlərlə bizlərə öz platformasını artıq göstərib. Biz inanırıq ki, ölkə başçısı öz uğurlu iş fəaliyyətini bundan sonra da davam etdirəcək. Bir sözlə o, xalqımızı xoşbəxt gələcəyə aparacaq".
Mirvari Fərəcova: "Azərbaycanda davamlı olaraq aparılan işlər göz qabağındadır. Bu mənada düşünürəm ki, Azərbaycanda Prezident İlham Əliyevə alternativ şəxs yoxdur".
Səlimli Nüranə: "Mənim seçimim hər zaman olduğu kimi İlham Əliyev olacaq. Birmənalı olaraq 9 oktyabrda keçiriləcək prezident seçkilərində öz səsimi ona verəcəm. İnanıram ki, Prezidentimiz növbəti dəfə də bu seçkilərdə qalibiyyət əldə edəcək. İlham Əliyev Azərbaycana o qədər gözəlliklər bəxş edib ki, ondan başqa heç kimi namizəd görə bilmirəm".
Namiq Abbasov: "Azərbaycanda son 10 il ərzində aparılan abadlıq-quruculuq işləri, körpülərin, yolların inşa olunması, insanların maddi vəziyyətinin yaxşılaşması və s. çox əlanətdar bir hadisə kimi dəyərləndirilməlidir. Paytaxt Bakı, ümumilikdə isə Azərbaycan müsbət mənada tanınmaz hala salınıb. Bu mənada mən artıq öz seçimimi etmişəm. Mənim layiq bildiyimiz namizəd cənab Prezident İlham Əliyev olacaq".
Şücaət Kazımova: "Mən ancaq Prezidentimiz İlham Əliyevə inanır və 9 oktyabrda da keçiriləcək seçkilərdə ona səs verəcəm. Onun Azərbaycanın bütün bölgələrində gördüyü işlər hər birimizin gözləri önünüdədir. Bu da təbii ki, bizləri çox sevindirir".
Əli Heydəri: "Görünən dağa heç bir bələdçi lazım deyil. Mənim seçimim İlham Əliyev olacaq. Məncə Azərbaycanda onu əvəz edən adam yoxdur".
Hətta müxalifətin seçkidəki namizədləri barədə sualları da cavablandıran şəhər sakinləri onlardan kimisə hazırkı hakimiyyətə rəqib görmədiklərini vurğulayıblar.