Həkim, xeyriyyəçi, professor Ağabəy Azərbaycaninin SƏS TV-yə müsahibəsi:
- Ağabəy Azərbaycanini Azərbaycana bağlayan nədir?
- Məni Azərbaycana bağlayan ilk şey atamın mənə qoyduğu Azərbaycani adıdır. Düzdür, mən Tehranda anadan olmuşam. Anam Təbrizli, atam isə Xoylu olub. Adım mənim şərəfimdir və Azərbaycan mənim torpağım sayılır. Hamı bilir ki, əvvəllər Azərbaycan türkləri İranı idarə ediblər. Azərbaycan hal-hazırda dünyada öz yerini tapan, öndə gedən ölkələr sırasındadır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsindən Azərbaycan bundan sonra daha da inkişaf edib bir sıra ölkələri geridə qoyacaq. Bütün bu səbəblər məni Azərbaycana bağlayır.
- Ölkəmizə tez-tez səfər edirsiniz. Bilmək istərdik, ilk dəfə Azərbaycana nə zaman gəlmisiniz və gəlişinizin səbəbi?
- İlk dəfə Azəraycana məktub gətirmişəm. 1988-ci ildə Azərbaycanın tanınmış sənətçilərin iştirakı ilə Almaniyada konsert təşkil etmişəm. İkinci dəfə Azərbaycana gəldiyimdə dövlət müşavirindən Almaniya prezidentinə məktub aparmışam. İstəmişəm ki, Azərbaycanla Almaniya arasında münasibətlər qurulsun. Ondan əvvəl bu iki ölkə arasında heç bir münasibət yox idi. Bu məktubdan sonra hər iki ölkənin səfirlikləri fəaliyyət göstərməyə başladı. Bu işlərin həyata keçməsində hər iki tərəfə kömək etmişəm. Elə o vaxtdan etibarən Azərbaycana daha sıx şəkildə gəlməyə başladım. Azərbaycanda həm həkim, həm də xeyriyyəçi kimi işlərimi həyata keçirməyə başlamışam. İndiyə qədər bu əlaqələr davam edir və mən tez-tez Azərbaycana gəlirəm.
- Deyirlər kənardan inkişaf daha aydın görünür. Həm də bir qonaq kimi, Almaniyada, Amerikada yaşayan həmvətənimiz kimi Azərbaycanda gedən inkişafı necə dəyərləndirirsiniz?
- Mən ömrüm boyu bir çox - həm yeni, həm də qədim tarixə malik olan ölkələrdə olmuşam. Lakin son illərdə Azəbaycan çox gözəl inkişaf edib. Burada gedən inkişafı görməmək mümkün deyil. Əgər kimsə bu inkişafı görməzdən gəlirsə, o zaman haqsızlıq etmiş olar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasəti görməmək düzgün deyil. Hər bir ölkənin inkişafında önəmli yeri onun mədəni və iqtisadi inkişaf tutur. Azərbaycanda hər iki sahə surətlə inkişaf edib. Azərbaycan birdən-birə Avropa kimi ola bilməz. Lakin burada görülən işlər heç də Avropadan geridə qalmır.
- Diaspora nümayəndəsi olaraq Almaniyada fəaliyyət göstərən diasporalarımızın fəaliyyətindən razısınızmı?
- Mən diaspora nümayəndəsi olaraq bir çox işlərdə yaxından iştirak etmişəm. Almaniyada bir neçə konsertlər, tədbirlər təşkil etmişəm. O zaman diasporaya böyük ehtiyac var idi. Sevindirici hal ondan ibarətdir ki, indiki zamanda diasporaya o qədər də ehtiyac yoxdur. Çünki hər kəs Prezident İlham Əliyevə böyük hörmət və rəğbət bəsləyir. O ki qaldı ümumilikdə dasporaların fəaliyyətinə Almaniyada fəaliyyət göstərən diaspora və səfirliyin fəaliyyəti qaneedicidir. Müəyyən nöqsanlar var, onlar da zamanla öz həllini tapacaq. Bizim əsas məqsədimiz torpaqlarımızın işğaldan azad olunmasıdır ki, Prezident İlham Əliyev də bu istiqamətdə işlər görür.
Biz Almaniyada erməni diasporasının 60-70 faizini dağıtmışıq. Əvvəllər Almaniyada insanlar elə başa düşürdülər ki, Azərbayan Ermənistana təzyiq, təcavüz edib. Lakin bizim orada gördüyümüz işlər əsasında almanlara sübut etdik ki, əksinə Ermənistan Azərbaycanın torpaqlarını işğal edib.
- 9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. Siz də ölkəmizdə bu prosesin izləyicisinə çevrilmisiniz. Bir müşahidəçi kimi ölkəmizdə gedən seşki prosesini necə qiymətləndirirsiniz?
- Azərbaycan cavan bir ölkədir. Təbii ki, xırda nöqsanlar ola bilər. Bu da təbiidir. Amma ümumilikdə Azərbaycanda seçki prosesi normal şəkildə həyata keçirilir. Hər bir namizəd üçün lazımı imkanlar yaradılıb. Əgər mən Azərbaycan vətəndaşı olsaydım Prezident İlham Əliyevə səs verərdim.