Alman akademik Bakı Ali Neft Məktəbində olub

27 Sentyabr 2013 13:59 (UTC+04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Alman Akademik Mübadilə Proqramının (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ullişi qəbul edib. BANM-dan SİA-ya verilən məlumata görə, ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən Elmar Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılan Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Rektor həmçinin vurğulayıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.

Qeyd edək ki, görüş çərçivəsində bir çox sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Verilən təklifləri yüksək qiymətləndirən Elmar Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu deyib.