Hər il ənənəvi olaraq Belçikanın Ham şəhərində keçirilən bayram şənliklərində Azərbaycan Belçika Dostluq Cəmiyyəti də təmsil olunur. Diasporla iş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, müxtəlif millətlərin mədəniyyətinin tanıdıldığı festivalda bu il ilk dəfə olaraq Belçikada yaşayan uyğur türkləri də qatılıb. Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Ham şəhər bələdiyyəsinin təşkil etdiyi mədəniyyət və əyləncə tədbirlərinə artıq dördüncü dəfə dəvət edilməsindən məmnunluğunu bildirib. Festivalda ilk dəfə iştirak edən uyğur türkləri isə bayrama ayrı bir rəng qatıblar.
Gülnisə Taipovanın təqdim etdiyi uyğur xalq rəqsləri iştirakçıları heyran edib. Builki şəhər bayramına dörd stendlə qatıldıqlarını deyən Ayhan Dəmirçi Azərbaycan mədəniyyətini, tarixini təbliğ etmək, belçikalılara, eləcə də buradakı xaricilərə ölkəmizi tanıtmaq üçün flamand dilində 2000 ədəd kitab paylanıldığını bildirib.
İştirakçıların diqqətini çəkmək məqsədilə Azərbaycan coğrafiyasını, təbiətini, tarixini, turizmini əks etdirən videolar da göstərilib, qonaqlara CD, broşür və aksessuarlar təqdim olunub. Daha bir stenddə isə festival iştirakçıları Azərbaycan mətbəxinin ləziz nümunələri - şirniyyat, dolma, plov kimi yeməkləri ilə tanış olmaq və dadmaq imkanı qazanıblar. Festivala qatılan hər kəs Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluqlarını ifadə ediblər. .