Bu gün prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin seçki qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, Kürdəmir rayonunun Topalhəsənli, Qaraqocalı, Şahsevən ,Çöhranlı kəndlərinin seçiciləri ilə görüşdə Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva iştirak ediblər.
Seçicilərlə görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli 10 il ərzində YAP-ın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq, seçiciləri 9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva, yerli təbliğat qrupunu üzvləri Elmira Şıxəliyeva, Namiq Tarverdiyev, Müşfiq Mustafayev çıxışlarında bildiriblər ki, cənab İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiciləcək".
Görüşlərdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar: "Cənab İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcəklər".