Bu gün Ağdaş rayonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının İdeoloji mərkəzində Prezident seçkiləri ilə əlaqədar seçicilərlə növbəti 3 görüş keçirilib. SİA-nın məlumatına görə, ilk görüş rayon ağsaqqalları ilə gənclərin, növbəti iki görüş isə partiyanın Ağdaş şəhərindən olan fəalları ilə baş tutub.
Çıxış edən ağsaqqallar seçki öncəsində namizədlərin hər biri üçün bərabər şərait yaradıldığını, gənclərin bu seçkilərdə fəal iştirak edəcəklərinə əmin olduqlarını bildiriblər. Son 10 ildə cənab İlham Əliyevin ölkəmiz və onun inkişafı üçün görmüş olduğu işlər faktlarla sadalanıb, Azərbaycanın günbəgün gözəlləşdiyi, respublikamızın müxtəlif səviyyəli beynəlxalq görüşlərə və idman yarışlarına ev sahibliyi etdiyi qeyd olunub. Ölkə ərazisində geniş vüsət alan tikinti-quruculuq işlərinin Ağdaş rayonundan da yan keçmədiyi, cənab Prezident İlham Əliyevin Ağdaşa, ağdaşlılara xüsusi qayğısının olduğu da görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışlarda yekdilliklə qeyd olunub ki, ağdaşlı ağsaqqallar, gənclər, ümumiyyətlə seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. 9 oktyabrda keçiriləcək prezident seçkilərində ağdaşlılar yekdil fikirdədirlər: seçim - İlham Əliyevdir.