Bu gün Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə – Aşağı Nüvədi qəsəbəsinə və Küvənil kəndinə təbii qaz verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran ŞİH başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev, sakinlərdən Məlik Əliyev və Cəbrayıl Əyyubov çıxış edərək 20 illik fasilədən sonra ərazinin "mavi alov"la təmin edilməsilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söyləyiblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik edib, uzun fasilədən sonra sakinlərin arzusunun reallaşdığını söyləyib, bu sevinci ölkə vətəndaşlarına bəxş edən cənab Prezident İlham Əliyevə əhali adından təşəkkürünü bildirib.
Sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.
Qeyd edək ki, Aşağı Nüvədi qəsəbəsində və Küvənil kəndində 961 ədəd sayğac və fərdi tənzimləyici, 27 min 826 metr metal boru quraşdırılıb.
.jpg)