Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binasının əsaslı şəkildə yenidənqurmadan sonra açılışına həsr olunmuş mərasim keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünü ziyarət edib, abidənin önünə tər çiçək dəstələri düzüblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlayıb və yeni dərs ili münasibəti ilə təbrik edib. Təhsil nazirinin universitetə gəlişini ADİU-nun fəaliyyətinə olan diqqətin təzahürü kimi dəyərləndirən rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son illər ərzində qazandığı uğurlardan söhbət açıb.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-da olmaqdan məmnunluğunu ifadə edib. Son 20 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini nəzərə çatdıran nazir təhsil sahəsində əldə olunan nailiyyətlərin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Müasir dövrdə qloballaşma prosesinin tələblərinə uyğun olaraq iqtisadi uğurun bilik iqtisadiyyatından keçdiyini söyləyən təhsil naziri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində əsaslı islahatlar yolu tutduğunu qeyd edib. Təhsil ocaqlarının maddi-texniki bazası ilə yanaşı, təhsilin, professor-müəllim heyətinin keyfiyyəti və təhsilalanların bilik səviyyələrinin mühüm roluna toxunan nazir ölkə universitetlərinin tədris imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulayıb. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almasının əhəmiyyəti barədə fikirlərinə istinad edərək bildirib ki, bu baxımdan qarşıya qoyulan vəzifələrə nail olmaq üçün universitetlər müvafiq dünya təcrübəsindən uğurla istifadə etməlidirlər.
Daha sonra nazir ali məktəblərdə tədrisin müasir tələblər səviyyəsində təşkili, xüsusi istedadlı tələbələrlə iş, ali məktəblərin xərclərinin strukturunda əmək haqqı və məvaciblərin artırılması, insan kapitalının inkişafı, aztəminatlı və akademik nailiyyətləri yüksək olan tələbələr üçün universitetlər tərəfindən təqaüdlərin verilməsi məsələlərinə toxunub. Ali məktəblərin rəqabət qabiliyyətinin artırılması, məzunların işlə təminatı, ali məktəblərin idarəedilməsi haqqında söhbət açan təhsil naziri, həmçinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə ölkəmizdə birgə əməkdaşlıq, nəticəyönümlü maliyyələşmə prinsipləri və ali təhsilin inkişafının digər istiqamətləri barədə fikirlərini nəzərə çatdırıb.
Sonda təhsil naziri tələbələri maraqlandıran sualları cavablandırıb, bir sıra təklif və tövsiyələrlə çıxış edib.