Xəbər verdiyimiz kimi, İndoneziyanın Palembanq şəhərində keçirilən üçüncü İslam Həmrəyliyi Oyunlarının ilk günündə Azərbaycan karateçiləri biri qızıl, digəri gümüş olmaqla iki medal qazanıblar.
Yarışdan sonra Oyunların qalibi Ayxan Mamayev və gümüş medalçısı Şahin Atamov qələbə sevinclərini bölüşüblər.
Qalib idmançılarımız -Ayxan Mamayev 1991-ci ildə, Şahin Atamov isə 1986-cı ildə Bakıda anadan olublar. Hər ikisi Bakıxanov qəsəbəsində "Qara qaplan" klubunda məşqlərə başlayıb. Onlar əvvəllər "Budokan" adlanmış bu klubda Seymur və Şahin Xudaverdiyev qardaşlarının rəhbərlikləri altında karate ilə məşğul olmağa başlayıblar.
Ayxan Mamayev 5 ildir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Gənclər arasında 2011-ci ildə dünya, bir il sonra isə qitə çempionu olub. Böyüklər arasında isə 2012-ci ildə Avropa ikincisi və dünya üçüncüsü adını qazanıb.
Üçüncü İslam Həmrəyliyi Oyunlarında 4 görüş keçirən Ayxan ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0, finalda isə Misir idmançısı Hani Keştaya 9:1 hesabı ilə qalib gəlib. Kolumbiyada ötən il keçirilmiş dünya oyunlarında həmin idmançı Ayxan Mamayevə 2:1 hesabı ilə qalib gəlmişdi.
Ayxan Mamayev yarışdan sonra deyib: "Bu il yalnız bir medalım var idi. O da "İstanbul Open" turnirində üçüncü yeri tutmaqla qazanmışdım. İli uğurla başa vurmaq üçün bu qələbəm lap yerinə düşdü. Yaxın vaxtlarda hərbi xidmətə yollanacağam. Mənə federasiyadan söz vermişdilər ki, qızıl medal qazansam, məşqlərimə davam etmək üçün lazımi köməklik göstəriləcək. Buna görə də bu dəfə daha möhkəm döyüşdüm.
Karatedə qazandığım uğurlara görə valideynlərimə, məşqçilərimə və federasiya rəhbərliyinə minnətdaram".
Şahin Atamov məşqlərə 9 yaşından başlayıb. 2006-cı ildə şotokanda gənclər arasında dünya çempionu olub, WKF-də isə böyüklər arasında dünya çempionatının gümüş və bürünc medallarını qazanıb. İki dəfə dünya kubokunun qalibi olub.
Sentyabrın 23-də keçirilən yarışlarda ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finalda iranlı rəqibinə məğlub olan Şahin Azərbaycan komandasına üçüncü İslam Həmrəyliyi Oyunlarında ilk medalı qazandırıb.
Şahin Atamov yarışdan sonra deyib: "Əslində, mən qızıl medal qazana bilərdim. Təsəvvür edin, sentyabr ayı ərzində bu mənim üçüncü yarışımdır. Əvvəlcə "İstanbul Open", sonra Moskvada dünya yığma komandasının tərkibində Rusiya yığmasına qarşı döyüşmüşdüm. Üstəlik bu qədər sürətli iqlim dəyişikliyi səhhətimə təsir etdi. Artıq Cakarta hava limanında həkimlərə müraciət etməli oldum. Təyyarədən yüksək temperaturla endim. Sağ olsunlar, nümayəndə heyətimizin həkim qrupu. Onların köməyi ilə ayağa qalxıb döyüşdüm. Lakin finalda artıq xəstəlik və bu üzdən yaranan yorğunluq döyüşməyə imkan vermirdi. Mən həmin iranlını Gürcüstanda məğlub etmişdim. Həmişə də yarışlarda nəticələrim ondan yuxarı olmuşdur.
Hər halda bu vəziyyətdə göstərdiyim nəticə məni qane edir. Buna görə də qələbəmə görə həkimlərimizə, şəxsi məşqçilərimə, yığma komandanın baş məşqçisi Rəhman Hətəmova və federasiyamızın prezidenti Yaşar Bəşirova minnətdaram".