Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında quruma daxil olan müraciətlərə baxılıb. SİA-nın məlumatına görə, MSK-nın üzvü Ramiz İbrahimov bildirib ki, seçkiqabağı təşviqatın aparılması ilə bağlı 4 müraciət daxil olub: "Bunlar Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov tərəfindən 2, "Milli Şura"nın namizədi Cəmil Həsənli və İTV-nin müraciətləridir. Prezidentliyə namizədliyi qeydə alınan İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müraciətində deyilir ki, sentyabrın 19-da İctimai Televizyanın canlı efirində prezidentliyə namizədlərdən Cəmil Həsənli qalmaqal törədərək, canlı yayımda Azərərbaycan Respublikasının qanunlarını kobud formada pozaraq Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinə toxunan sözlər deyib. Ə.Əhmədov müraciətində qeyd edib ki, C.Həsənli bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun cəzalandırılsın. Ekspert qrupunun araşdırılması nəticəsində məlum olub ki, Cəmil Həsənli tərəfində sentyabrın 19-da keçirilən "Xalq Seçir" təşviqat proqramı zamanı YAP-ın namizədi İlham Əliyevin şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlədib. Bu isə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir".
MSK-nın üzvü Ramiz İbrahimov bildirib ki, Prezidentliyə namizəd Cəmil Həsənli isə müraciətində eyni debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, plastik su qabı atdığını, ayrılmış 1,5 dəqiqə vaxtını aldığını bildirib. C. Həsənli eyni zamanda YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun da onu təhqir etdiyini bildirib. C. Həsənli bununla hər iki şəxsin Seçki Məcəlləsinin tələblərini pozduqlarını bildirib və MSK-nın araşdırma aparmasını xahiş edib.
Komissiyanın iclasında həmçinin İctimai Televiziyanın da prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı şikayətinə baxılıb. Şikayət məktubunda C. Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etdiyi, bununla da quruma zərər vurduğu bildirilib.
R.İbrahimov bildirib ki, hər 4 müraciətlə bağlı araşdırmalar aparılıb. Ekspert qrupu Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov və İTV-nin müraciətlərinin araşdırılması nəticəsində qərara gəlib ki, bu hal gərgin seçki prosesində baş tutduğundan, cinayət tərkibli məsuliyyətə cəlb etmək əvəzinə, müraciətlər qismən təmin edilərək, Cəmil Həsənliyə ciddi xəbərdarlıq elan edilib. C.Həsənlinin MSK-ya daxil olan müraciəti də araşdırılıb və onun da müraciəti qismən yerinə yetirilərək H.Hacıyevə xəbərdarlıq edilib.
Həmçinin MSK prezidentliyə namizədləri etik davranış qaydalarına və Seçki Məcəlləsinin 88.1 və 88.2 maddələrinə əməl etməyə çağırıb.
Ramiz İbrahimov qeyd edib ki, müraciətlərin araşdırılmasında beynəlxalq müşahidəçilər də iştirak edib.