Bu gün, yəni 21 sentyabr tarixi dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilir. SİA-nın məlumatına görə, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildə qəbul etdiyi qərarla bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb.
Qeyd edək ki, 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin "Sülh Zəngi"ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.