Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov "Azadlıq" qəzetinin Baş redaktoruna etiraz məktubu ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, məktubun bir sürəti də "Səs" TV-yə göndərilib. Məktubu olduğu kimi dərc edirik:
"Cənab Baş redaktor!
"Azadlıq, 18 sentyabr 2013"-də mənim "Kaspi" qəzetinin 17.09.2013 tarixdə çap etdiyi müsahibəm barədə yazı dərc etmisiniz. Yazıda 2 məsələ əhatə olunub: mənə suallar verilir və mənim barəmdə təhqirlər, böhtanlar, uydurulmuş məlumatlar əks etdirilir. İkinci məsələni redaksiyaya bağışlayıram, heç yerə də şikayət etmək fikrim yoxdur. Çünki, qəzetin bünövrəsi belə qoyulub. Belə də gedir.
Bunları nəzərinizə çatdırıram:
Birinci. Mən heç vaxt cəbhəçi olmamışam, və cəbhəçilərlə fəxr etməmişəm və özümü "böyük cəbhəçi" adlandırmamışam. Amma, cəbhəçilərə ilk dövrlərdə, xüsusilə də 20 yanvar qırğınından sonra qaçıb hərəsi bir yerdə gizlənmiş, toplaşmağa yer tapa bilmədikləri vaxt çox köməklik etmişəm, onların toplantılarına şərait yaratmışam. Bəlkə də yeganə elmi institutun direktoru idim ki, işçilərin Azadlıq Meydanındakı mitinqlərdə iştirakına, institutda bəstəkar professor Oqtay Rəcəbovun sədrliyi ilə Xalq Cəbhəsinin özəyinin yaradılmasına icazə vermişdim. Gürcüstandan soydaşlarımızın maşın karvanları ilə gətirdikləri ərzağı, pulları cəbhəçilərə təhvil verilməsini, onların əli ilə ehtiyacı olanlara paylanmasını təşkil etmişəm. Necə paylayıblarsa özləri, bir də Allah bilir. Mən heç kəsdən hesab tələb etməmişəm.
İkinci. Cəbhəçilər indiki Səbail rayon İcra Hakimiyyətinin Səbail rayon partiya komitəsinin binasını zəbt edəndən sonra "Demokratik Qüvvələr Birliyi"nin orada keçirilən tədbirlərində həmişə iştirak etmişəm, elm, təhsil bölməsinə rəhbərlik etmişəm, köklü elm, təhsil islahatı konsepsiyası hazırlamışam və s. Bunlar mənim "fəal cəbhəçi" olmağım deyil, bir alim kimi vətəndaşlıq borcum idi.
İnstitutda "Azad Müəllimlər Birliyi" yaratmışdım. Respublikada çalışan 150 mindən çox müəllim birliyə üzv olmuşdu. Onlara da məsləhət görmüşdüm ki, yerlərdə əhali arasında olun, SSRİ dağılır, milli ədavət qızışdırılır, dağıdıcı qüvvələr yaranır. Əhalini bu dağıntılardan qoruyun. Bunların şahidləri çoxdur. O cümlədən Cəbhə dövründə rəhbər olmuşların hər biri yaxşı bilir. Təkrar edirəm. Bunları "cəbhəçi" kimi yox, alim olduğuma görə etmişəm.
Üçüncü. Mənim bəşəriyyətə, SSRİ və Sosialist Birliyi ölkələrinə, xüsusilə Azərbaycan xalqına xəyanət etmiş, bu gün də xəyanətini davam etdirən Mixail Qorbaçevin əli ilə hər yerdə "perestroyka" adı altında Xalq Cəbhəsi yaratma faktını necə inkar edə bilərsiniz?! Həmin xəyanətkarın 1987-ci ildən bu tərəfə hər yerdə, o cümlədən İrəvanda dəfələrlə təkrarladığını kim eşitmirdi? Görünür o dövrlərin kinolentlərini çevirib təkrar-təkrar baxmağa ehtiyac yaranıb.
Xalq Cəbhəsinin parçalana-parçalana getdiyidəmi həqiqət deyil?
Mən Xalq Cəbhəsi deyəndə heç də burada cəmləşmiş bütün insanları, ziyalıları nəzərdə tutmuram. Burada ləyaqətli ziyalı az olmayıb. Elə biri – cəbhəçi Nizami Quliyevlə Milli Məclisdə on il bir komissiyada – Yerli və özünüidarəetmə (bələdiyyə) komissiyasında çalışmışıq. Hərə öz əqidəsini qoruyub saxlayıb, ümumi iş prosesinə - heç kəsin təsəvvürü olmadığı, Azərbaycanın tarixində ilk dəfə Konstitusiyaya daxil edilmiş bələdiyyə institutunun formalaşmasına imkan verən qanunlar toplusu – Məcəllə hazırlamışıq. Cəbhəni tərk edərək Yeni Azərbaycan Partiyasına daxil olmuş çoxsaylı alimlərimizin, siyasətçilərimizin də adını çəkə bilərəm.
Söhbət cəbhə ideologiyasının düzgün qoyulmamasından gedir. Bu ideologiyanın nə olduğunu həm sizə, həm də geniş oxucu kütləsinə çatdırmaq məqsədi ilə uzun illər tam məxfi saxlanılmış, indi aşkara çıxarılmış, "İdeologiya və mənəviyyat" monoqrafiyamda yer almış sənədi təqdim edirəm:
"Müharibə qurtaracaq, hər şey öz yerinə düşəcək. Biz, nəyimiz varsa hər şeyi – qızılı, maddi gücümüzü insanların başını qatmağa tökəcəyik.
İnsanın beyni, təfəkkürü dəyişməyə qadirdir. Xaos yaratmaqla biz, tədricən onları saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz Rusiyanın özündə özümüzə müttəfiqlər, həmfikirlər tapacayıq.
Tədricən yer üzündə ən məğlubedilməz xalqın məhv olmasına, özünü dərketmənin sönməsinə nail olacayıq. Məsələn, ədəbiyyat və incəsənətdən onların sosial mahiyyətini çıxaracayıq. Rəssamları da xalq arasında gedən prosesləri təsvir etməkdən uzaqlaşdıracayıq. Ədəbiyyat, teatr və kino ən alçaq insan hissləri təsvir və tərənnüm edəcək. Biz əxlaqsızlığı – seksi, sadizmi, satqınlığı insan beyninə yeridən bədii sənət ustalarına hər cür köməklik göstərəcəyik. Dövlət idarəçiliyində biz xaos və anlaşılmazlıq yaradacayıq.
Hiss etdirmədən, ancaq fəal məmurların, rüşvətxorların özbaşınalıqlarını və prinsipsizliyini daim alqışlayacayıq. Bürokratizm və süründürməçilik xeyirxahlıq kimi qələmə veriləcək. Düzlük, abır-həya gülüş hədəfinə çevriləcək, köhnəliyin qalığı kimi qiymətləndiriləcək. Sırtıqlıq, aldatma, sərxoşluq və narkomaniya, bir-birindən qorxmaq, utanmazlıq, satqınlıq, millətçilik, xalqlar arasında düşmənçilik – bunların hamısını biz səpib çiçəkləndirəcəyik.
Çox az, lap az adamlar nələr baş verdiyini başa düşəcək. Elə adamları biz şərləyib cəmiyyətin tullantısı kimi qələmə verəcəyik. Xalqın mənəviyyatının və nəslinin kökünü kəsəcəyik. İnsanlarla uşaq və yeniyetmə dövründən məşğul olacayıq. Cavanları pozmaq, onlardan düşük və kosmopolit hazırlamağa nail olacayıq. Bax, biz bunu belə edəcəyik.
A.Dalles. 1945".
Bu proqramın "ləyaqətlə" yerinə yetirilməsində xallı Mixailin xidmətlərini, o cümlədən yaratdığı gənc cəbhəçilərin gördüyü "fədakarlığı" necə inkar edə bilərsiniz?
Yəqin bilməmiş deyilsiniz ki, bu gün Azərbaycana qarşı bundan da betər proqramları həyata keçirən anti-azərbaycançılar da var. Bunları siz bilmirsiniz?
Sizə mərhum Heydər Əliyev də çox kömək etmişdi. Bunun müqabilini də cəbhəçilər hakimiyyəti zəbt edəndən sonra özlərinə layiq mənəviyyatla verdilər: ona sui-qəsd düzəltdilər, Naxçıvan parlamentini mühasirəyə alıb Heydər Əliyevin fiziki məhvinə hökm verdilər. Xalq onu Bakıya dəvət edəndən, prezident seçəndən bu günə qədər onu böhtanladılar. İlham Əliyevin də sizə az köməyi dəyməyib. Cəbhəçilər yenə də öz mərifətləri ilə onun köməyini qiymətləndirir – böhtanlayırlar.
"Qarabağı ermənilərə əlborcu vermişik" deyən cəbhəçi Baş nazir, hərbi nazir və başqaları utanmadan indi hər şeydə Heydər və İlham Əliyevlərin ünvanına cəfəngiyatlar yazırlar.
Belə aqressivlik nə qədər davam etməlidir? Korrupsiyadan çox danışmağı sevən cəbhəçilər: prezidentiniz mərhum Əbülfəz Əliyevin bu sözlərini niyə belə tez unutmusunuz: "Kommunistlərin 70 ildə aldığı rüşvəti bizim məmurlar 7 ayda alıblar". Təmizlik uğrunda hay-həşir yaradanlar cəbhə rəhbərlərini nə tez unudublar?
Dördüncü. Bir tarixçinin böyük elmi xidmətlərindən, kitablarından yazırsınız. Azərbaycanda çox görkəmli tarixçi alimlərlə tanışam, əsərlərini oxumuşam, dostluğumuz olub. Bunlardan biri də mərhum akademik Ziya Bünyadov idi. Gözləri ilə odlar ayaqlamış bu nadir insan, müharibə qəhrəmanı, fəxrimiz olan Ziya müəllimə mitinqlərdə söz də vermir, ona ləyaqətsizlik göstərilirdi. Bunları da gördük. "Yaxşı əsər yazan tarixçinizi" Ziya müəllimdən əvvələ çəkməyin özü də dərin zəkalı, ağıllı alimlərin üstünə kölgə salmaq kimi qiymətləndirmək olar.
Beşinci. Mənim xalqa nə xeyir verdiyimlə də maraqlanmısınız, sual vermisiniz. Deyim. Mən 1961-ci ildən – aspirantlıq vaxtımdan bu günə qədər elmlə, təlim-tərbiyə nəzəriyyəsi ilə məşğul olmuşam. 200 nəfərə qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişəm. Bunlara tədqiqat apartdırmışam, indikilərin bəziləri kimi, onların heç biri plaqiatla məşğul olmayıblar. 18 dərsliyin, böyüyən gənc nəslin təlimi, tərbiyəsi, inkişafı barədə 100-dən yuxarı aktual problemlər üzrə monoqrafiyam bütün kitabxanalarda, məktəblərdə var, tətbiq olunur. Bunlardan: "Fizika qanunlarının öyrədilməsi" monoqrafiyası bir neçə dilə tərcümə olunub, orta və ali məktəblərdə istifadə edilir. 3 cildlik "Tərbiyə" kitabı müəllimlərin stolüstü kitabıdır. Fizika, riyaziyyat, astronomiya və digər təbiət elmlərinin əsasları üzrə əsərlərim bir neçə dəfə çap olunub. Nəsirəddin Tusi barədə iki cildlik əsərə bərabər əsər indiyə qədər yazılmamışdı və s. Maraqlananlar M.F.Axundov adına kitabxananın kataloqlarını vərəqləsinlər.
"İdeologiya və mənəviyyat" kitabı çox ölkələrdə yayılıb. Xallı Mixail kimi satqınların çürük mənəviyyatını alt-üst edən materiallar, faktlar yəqin ki, sizi də maraqlandırar. Əgər mənim və mənim mənəviyyatım barədə cəfəng danışanlar həmin kitabı oxusalar, mənim yetirdiyim alimlər, rəhbərlik etdiyim kollektiv üzvləri ilə söhbət aparsalar, yazılar oxusalar yəqin ki, təhqirlərinə görə ürəklərində də olsa xəcalət çəkərlər. Bilirəm ki, onlarda belə utanan sifət yoxdur. Onların özləri olmasa da, balaları, məktəbdə işləyən qohum-əqrəbaları mənim yazdığım elmi, ictimai-siyasi əsərlər, dərsliklər əsasında təhsil alıblar. Tələbələrimlə birlikdə yazdığım, milyon nüsxələrlə çap olunmuş, kütləvi tətbiqə verilmiş "Riyaziyyat 1-4" dərsliklərdən, metodik kompleksdən, ilk dəfə təhsilə gətirdiyim "Həyat bilgisi" tədris kompleksindən doğrudanmı xəbərsizsiniz?!
İstədiyiniz kitablarımdan redaksiyanıza təqdim edə bilərəm.
Bir məsələni də nəzərinizə çatdırıram ki, mən heç bir əsərimi, kitabımı satışa verməmişəm. Kitabxanalara, maraqlananlara hamısını pulsuz paylamışam. Sizin təriflədiyiniz tarixçi isə öz kitablarını çox baha qiymətə mağazalarda satdırır. Bir tərəfdən xalqın dilənçi kökündə yaşadığını deyir, digər tərəfdən arxivlərdən köçürdüb üst-üstə yığıb çap etdirdiyi kitabları baha qiymətlərə satır. Belələrinin mənəviyyatına necə qiymət verirsiniz?
Mən qəzetin ilk təsisçisi, Baş redaktoru, mərhum Nəcəf Nəcəfovu çox yaxşı tanıyırdım. Onun qayınatası mərhum riyaziyyat professoru Gümrah müəllimlə aspirant yoldaşı olmuşam. Qəzetdə yazılarım da az olmayıb. Nəcəfin ölümündən sonra qəzet də cəbhəçi rəhbərləri kimi, kursu dəyişdi – xalq adından xalqa, ziyalılıq adından sağlam düşüncəli ziyalılara qarşı yönəldildi. Kim cəbhədəndi tərifləndi, kim cəbhəçi deyil təhqir edildi. Bu gün də belədir.
Qəzetiniz ən qatı cinayətkarı da "siyasi məhbus" adlandırmaqda davam edir. Mən 1995-ci ildən Prezidentin yanında Əfv komissiyası yaradıldığı gündən onun üzvüyəm. Bura daxil olan ərizələri, müraciətləri, o cümlədən "siyasi məhbus" adlandırdığınız məhbusların məhkəmə materiallarını oxuyuram. Demək istəyirəm ki, adamları siyasi mənsubiyyətinə görə deyil, ləyaqətinə, əməllərinə, əməyinə görə qiymətləndirmək ölçüsündən kənara çıxmaq həmişə zərərli sonluğa aparır. Özünü "radikal müxalifət", "əsl demokrat" adlandıran insanların, mətbuat orqanlarının həqiqi – millətə xeyir verən işlərlə məşğul olması çox vacibdir.
Materialı dərc edə bilərsiniz, etməyə də. Bunu təkid etmirəm. Hər halda bunun çapı həm müxalifətdə, həm də iqtidarda olan şəxslər üçün maraqlı olar. Bunun ətrafında sağlam müzakirələr də keçirilə bilər.
Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərlə ümumbəşəri mənəvi dəyərlərin inteqrasiya prosesi gedir. Bizim sağlam diskussiyalarımızın da bu prosesə köməyi dəyər.
Fizikanın tədrisi üzrə pedaqoji elmlər doktoru,
professor, Yeni Azərbaycan Partiyası İdarə
Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri
Zahid Qaralov
20.09.2013"