Nazir Şirvanda vətəndaşlarla görüşüb

20 Sentyabr 2013 10:30 (UTC+04:00)

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan şəhərində, Şirvan, Neftçala, Sabirabad, Salyan, Hacıqabul, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər də iştirak ediblər.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Gün ərzində aparılan qəbul zamanı ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat, icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib. Bir çox vətəndaşlar yerli ədliyyə və məhkəmə orqanları tərəfindən əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə yaradılan yüksək sosial-iqtisadi şəraitə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.