Son 10 ildə internet sahəsində əsas problemlər həll olunub

19 Sentyabr 2013 15:05 (UTC+04:00)

"Son 10 ildə Azərbaycan informasiya cəmiyyətinin formalaşması və inkişafı prosesini yaşayıb". SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son 10 ildə Azərbaycanın İnformasiya-kommunikasiya Texnologiyaları (İKT) sahəsində əldə olunan uğurlardan danışarkən belə deyib.

Onun sözlərinə görə, informasiyanın əldə olunması haqqında qəbul olunan qanun ölkədə informasiya mühitinin yaranmasında mühüm rol oynayıb: "Qanunun tətbiqi nəticəsində dövlət orqanlarının rəsmi internet səhifələri fəaliyyət göstərməyə başlayıb. Hazırda insanlar ən mühüm 32 informasiyanı asanlıqla bu saytlardan əldə edə bilirlər. Bundan başqa, qanunun tətbiqi ilə əlaqədar bütün ictimai informasiya subyektləri əldə etdikləri məlumatları ictimaiyyətə açıqlayıblar. Bu da informasiya azadlığının gerçəkləşməsinə ciddi zəmin yaradıb. Hesab edirəm ki, bu qanun Azərbaycan qanunvericiliyində qəbul edilən ən mühüm qanunlardan biridir. Eyni zamanda Azərbaycanda dövlət orqanlarının internet resurslarının yaranması və onların təhlükəsizliyinin təmin edilməsi sahəsində infrastruktur formalaşıb. Bununla da informasiya mühitində olan müəyyən problemlərin həllinə nəzarət edən qurumlar müəyyənləşdirilib. Həm ictimai informasiya subyektlərinin fəaliyyətinin güclənməsi, həm də bu fəaliyyətin qorunması istiqamətində bir sıra addımlar atılıb. Belə ki, dövlət orqanlarının informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı Dövlət Agentliyi yaradılıb. Bundan başqa qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyinin qorunması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyətə başlayıb".

Elektron hökumət quruculuğu istiqamətində bir çox uğurların əldə olunduğunu deyən forum prezidenti bildirib ki, Azərbaycanda elektron hökumət quruculuğunda da ciddi uğurlar qazanılıb: "Belə ki, 2010-cu ildə ölkə rəhbərinin imzaladığı fərmana əsasən elektron xidmətlərin siyahısı müəyyənləşib. Bu siyahıya daxil olan xidmətlərin elektronlaşdırılması nəticəsində fiziki və hüquqi şəxslər istədikləri informasiyanı tez bir zamanda əldə edə biliblər. Burada konseptual inkişaf baş verib, 300-ə yaxın xidmət vətəndaşa elektron formada təqdim olunub. Elektron hökumət portalının yaradılması vətəndaşların informasiyaları vaxt itirmədən, qısa zaman kəsiyində əldə etməsinə şərait yaradıb. Vətəndaşların əldə edəcəyi bir sıra məlumatlar bu portala inteqrasiya olunub və xidmət şəklində istifadəçilərə təqdim edilib. Bu həm şəffaflığın artırılmasında, həm də korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayıb".

Osman Gündüz qeyd edib ki, son 10 ildə Azərbaycan interneti də kifayət qədər sürətli inkişaf yolu keçib: "Azərbaycan internetinin inkişaf mərhələlərini iki mərhələyə: 2008-ci ilə qədər olan dövrə və 2008-ci ildən sonrakı dövrə bölmək olar. Son 5 ildə Azərbaycan interneti inkişaf etmiş ölkələrin internet sahəsində əldə etdiyi uğurlardan daha çox nailiyyət qazanıb. Eyni zamanda ölkənin genişzolaqlı internet istifadəçilərinin sayında, internetin qiymətində və internet vasitəsilə verilən xidmətlərin kəmiyyət və keyfiyyətində dəyişikliklər baş verib. Bir neçə il öncə vətəndaşlar ADSL vasitəsilə genişzolaqlı internetdən istifadə edirdilərsə, hazırda Azərbaycanda Wi-Max, Wi-Fi, mobil internetdən, peyk və kabel internetindən istifadə etmək mümkündür. Son bir neçə ildə Azərbaycanın internet sahəsində infrastrukturla bağlı əsas problemləri həll olunub. Həmçinin təhsil sahəsində informasiya texnologiyalarının tətbiqində mühüm nailiyyətlər əldə edilib. Belə ki, ötən illərdə 1500 şagirdə bir kompyüter hesablanmışdısa, hazırda 15-20 şagirdə 1 kompyüter düşür. Eyni zamanda təhsil ocaqları genişzolaqlı internetə qoşulub, müəllimlərin İKT sahəsində hazırlığı artıb".

Forum prezidenti onu da qeyd edib ki, son dövrlərdə əldə olunan ən vacib uğurlardan biri də Azərbaycan peykinin orbitə çıxarılmasıdır: "Kosmosda peykə sahib olan 50 ölkə arasında artıq Azərbaycan da özünəməxsus yer tutur. Ölkəmizin kosmik resursların bölünməsində iştirak etməsi Azərbaycanın kosmos ölkəsinə çevrildiyinin əsas göstəricisidir".