Gənclərin SEÇİMİ – Gələcəyimizin ARXİTEKTORU

19 Sentyabr 2013 03:43 (UTC+04:00)

Azərbaycan xalqı növbəti prezident seçkiləri ərəfəsindədir. Vətəndaşlarımız bundan sonrakı 5 il ərzində dövlətin sabit və davamlı inkişafının davam etdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi qlobal siyasətdə rolunun yüksəldilməsi və insanların rifah halının artım dinamikliyinin təmin edilməsi üçün öz liderini seçəcək. Əlbəttə ki, bu məsələdə Azərbaycan sosiumuna düşünməyə ehtiyac yoxdur. Çünki, bu gün hər bir azərbaycanlı əminliklə bilir ki, Azərbaycanı irəliyə yalnız bir şəxsiyyət – 10 ildir ki, Vətənimizin çiçəklənməsi naminə bütün enerjisini və intellektini sərf edən Prezident İlham Əliyev apara bilər. Bu faktı bilən və reallığı görən hər bir Azərbaycan gənci də 9 oktyabr tarixində keçiriləcək seçkilə əlaqədar artıq seçimini edib. Bu, gələcəyimizin ARXİTEKTORU olan cənab İlham Əliyevdir. Məhz, bu seçimin edilməsinin əsaslı səbəbləri var ki, bütün onların fəlsəfəsində də bir tezis durur - dövlətin hərtərəfli qayğısı ilə əhatələnmiş gənclərin inkişafının qarantı Prezident İlham Əliyevdir.

Gənclərin təxəyyülündəki gələcəyi reallaşdıran LİDER

Son 10 ilə nəzər saldıqda kifayət qədər tutarlı əsas görürük ki, bütün bunlar gənclərin seçiminin fundamental prinsiplərini təşkil edir. Çünki, 10 il bundan əvvəl hələ orta məktəbləri yenicə bitirmiş yeniyetmələrin və ya ali təhsil ocaqlarındakı gənclərin gələcəyini təxəyyülündə qurduğu bir vaxtda Prezident İlham Əliyev həmin fantaziyaları realığa çevirə bildi. Cəmiyyətimizin müxtəlif təbəqələrinin, xüsusilə də, aşağı sosial vəziyyətli ailələrin övladları heç təsəvvürünə belə gətirə bilməzdi ki, nə vaxtsa, onların dövlətin hesabına dünyanın ən güclü universitetlərində təhsil almaq imkanı olacaq. Açıq söyləmək lazımdır ki, məktəb siniflərindən yenicə çıxmış abituriyentlər müxtəlif maraqlı dairələrin dəstəyilə bəlli məqsədlər naminə xaricə təhsil almağa göndərilirdi. Həmin gənclər isə artıq Azərbaycan dövlətinin milli kadr korpusuna daxil olmurdu və eyni zamanda, onu təhsil almağa göndərmiş maraqlı qüvvələrin məqsədləri üçün çalışırdı. Bununla da, həmin gənclərin gələcəyi də, qurduğu fantazilar da məhv olurdu.

Lakin Prezident İlham Əliyevin "neft gəlirlərinin insan kapitalına çevrilməsi" siyasəti çərçivəsində 2007-ci ildə imzaladığı Dövlət Proqramı əsasında yüzlərlə gənc dövlətin hesabına xaricdə təhsil almağa göndərildi. Həmin gənclər dünya intellektualları arasında Azərbaycanı təmsil etməklə yanaşı, əldə etdikləri biliklər hesabına Vətənimizin inkişafına töhfələrini verməyə başladılar. Vaxtilə, XX əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyev bu cür addım atmışdı, milli kadr korpusunu formalaşdırmışdı və məhz, o zaman xaricdə təhsil almış gənclərin böyük əksəriyyəti bu gün də Azərbaycanın çiçəklənməsində rol alırlar. Elə bu konteksdən düşünəndə gənclərin təxəyyülündəki gələcəyi reallaşdıran LİDERin - Prezident İlham Əliyevin dəstəyilə gələcəyimizə qoyulan sərmayə perspektivdə də özünün effektli nəticələrini verəcək.

Bununla yanaşı, gənclərin sahib olduqları potensialı – intellektual və kreativ bacarıqların reallaşdırılması üçün əlverişli şərait yaradılıb. Demokratik prinsiplər əsasında formalaşmış siyasi sistemin və siyasi institutların şəffaf fəaliyyətindən irəli gələrək, istənilən sahədə fəaliyyət göstərən gənclərin daxili enerjisini reallığa çevirməyə hazır olan bacarıqların üzə çıxarılması və cəmiyyətə, hətta, dünyaya təqdim edilməsi bu günün reallığıdır. Bu cür fəaliyyətə misallar daha çox zehni və fiziki sferada rast gəlinir. Məhz, son 10 il ərzində Prezident İlham Əliyevin verdiyi fərmanlar və imzaladığı sərəncamlar, proqramlar əsasında Azərbaycan dünyaya müxtəlif sahələrdə onlarla vunderkind, fənn olimpiada çempionları və intellekt sahibləri təqdim etdi. Eyni zamanda, planetin sakinləri ölkəmizin idman sahəsində yeni olimpiya, dünya və Avropa çempionlarını gördü, burada beynəlxalq yarışların keçirilməsinə sevindi, nəhayət, dövlətimizi idman ölkəsi kimi qəbul etdi.

Müasir dünyanın ən mühüm problemlərindən olan gənc ailələrin sosial problemlərinin ədalətli şəkildə həll edilməsi də 10 il öncə Azərbaycanda özünü göstərirdi. Yenicə ailə qurmuş gənclər ev və iş probemilə qarşılaşırdı ki, bu da sonda arzuolunmaz nəticələrə gətirib çıxarırdı. Lakin yenə də Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə İpoteka Fondu yaradıldı, bank-maliyyə sistemi şəffaflaşdırıldı və gənc ailələrin evlə təminatında problemlər aradan qaldırıldı.

Ümumiyyətlə, bu gün gənclərin inkişafı və təminatı istiqamətində atılmış rasional addımlar sayəsində gənc ailələrin böyük əksəriyyətinin evi, avtomobili və normal gəlirli iş yeri var. Təbii ki, on il öncə söylənilənləri təxəyyül məhsulu kimi görürdüksə, bu gün bunlar reallıqdır. Bütün bunlara isə Prezident İlham Əliyevin ardıcıl və rasional şəkildə həyata keçirdiyi siyasət nəticəsində nail olunub.

Prezident İlham Əliyev gənclərin vahid seçimidir

Göründüyü kimi, Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində ümumi ana xətt var ki, burada gənclərin arzuladığı gələcək təmin edilir. Yəni, təhsil sistemi gücləndirilir, gənclər mükəmməl təhsil alır və onlar intellektual kadr kimi yetişdirilir, bütün bunlara paralel yeni iş yerləri yaradılır və həmin gənclər işlə təmin olunur, sonradan ailə quran gənclərin mənzillə təmin edilməsində ortaya çıxacaq problemlər də bununla həll edilir. Eyni zamanda, müxtəlif sahələrdə bacarığını nümayiş etdirməyə çalışan gənclərə dəstək olmaq üçün QHT sektoru gücləndirildi, Gənclər Fondu və "beyin mərkəzi" yaradıldı, müxtəlif bölgələrdə gənclər üçün mərkəzlər inşa edildi, idman komplekslərinin sayı artırıldı. Məhz, bütün bunlar birbaşa olaraq, Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan xəbər verir. Ona görə də, Azərbaycan gəncliyi heç düşünmədən qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək, Onun növbəti 5 illikdə də növbəti gənc nəsillərin fantaziyalarının reallığa çevrildiyi məkanın – Azərbaycanın inkişaf etdirilməsi naminə dəstəyini ortaya qoyacaq. Ötən 10 il ərzində siyasi şüur və siyasi mədəniyyət prizmasından da böyük inkişaf yolu keçmiş gənclərimiz hər zaman olduğu kimi bu dəfə də radikal müxalifətin dağıdıcı çağırışlarını cavabsız qoyacaq və dövlətçiliyin möhkəmləndirilməsi naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək. Bütün bunlar bir daha onu sübut edir ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin vahid seçimidir və bu seçimini 9 oktyabr tarixində kütləvi-əməli işilə isbatlayacaq.