"Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu, bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm". Siasport.az saytının məlumatına görə, bu sözləri Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL - "Qəbələ" matçı öncəsi "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Nizami Hacıyev deyib. O, AZAL-ın güclü komanda olduğunu, lakin "Qəbələ"nin rəqibdən çəkinmədiyini qeyd edib: "AZAL 5 turdan sonra turnir cədvəlində liderlərdəndir. Bu, onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun intizamını sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslubumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempionluq qazanmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq".