Bu gün ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında (MSK ) sədr Məzahir Pənahovla görüşüb. Səfir seçkilərin hazırki mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanıb. SİA-ya verilən məlumata görə, namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən sədr sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırıb.
O bildirib ki, qeydə alınmış namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılıb. Sədr qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açıb, qonağı maraqlandıran digər sualları cavablandırıb.
Qeyd edək ki, görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.