YAP Gəncə şəhər Təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olunub

12 Sentyabr 2013 17:35 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatında partiya sıralarına yeni qəbul olunan üzvlərlə görüş keçirilib və onlara üzvlük vəsiqələri təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, sədr müavinləri- Akademiyanın Gəncə Bölməsinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev, GDU-nun prorektoru Pərvin Kərimzadə, İdarə Heyətinin üzvü, Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri və partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının ölkəmizin şərəfli mübarizə tarixində böyük rolu olduğunu, tədbirin mühüm siyasi kampaniya- 9 oktyabr 2013-cü il tarixində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq dövründə keçirildiyini və bu əlamətdar hadisənin partiyaya yeni üzv qəbul olunan vətəndaşların həyatında ən yadda qalan məqamlardan biri olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrin tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu var: "Azərbaycanın sürətli inkişafında yaxından iştirak edən Yeni Azərbaycan Partiyası vətənimizin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına layiqli töhfələr verir. Partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və iştirak edən gəncləri, qadınları, həmçinin ziyalı və intellektual şəxsləri birləşdirir. Son vaxtlar xüsusən gənclər daha çox partiya sıralarına qəbul olunmaq üçün müraciət edirlər. O da həqiqətdir ki, gəncliyin nəfəsi, qüvvəsi harada duyulursa, orada yenilik var, müasirlik var, müsbət dəyişikliklər və coşqu var. Təsadüfi deyil ki, YAP Gəncə şəhər Təşkilatında birləşən 28000 nəfər partiya üzvündən 15200 nəfəri gənclərdir. Bu ilin əvvəlindən avqust ayındadək 1200 nəfəri gənc olmaqla, 1631 nəfər partiya sıralarına qəbul olunub. 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq dövründə Gəncəlilərin bu istiqamətdə öz istəklərini reallaşdırması təbiidir. Çünki şəhərimizin qədirbilən insanları Ulu öndər Heydər Əliyevin siyasi kursuna daima hörmət və ehtiram göstərir, onun sədaqətli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyətini dəstəkləyirlər".

Sonra partiya sıralarına qəbul olunmaq üçün müraciət edənlərdən bir qrupuna üzvlük vəsiqələri təqdim olunub.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev partiyanın yeni üzvlərini təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb.