“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış”

12 Sentyabr 2013 17:05 (UTC+04:00)

4-5 noyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans həyata keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub. Konfransa təşkilati dəstək "Iteca Caspian" MMC və IDEA ("Ətraf mühit naminə beynəlxalq dialoq") təşkilatı tərəfindən təmin olunur.

Konfransda 200 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var. Konfransda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, ARDNŞ-nin Ekologiya üzrə Vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə, "IDEA" təşkilatının təsisçisi Leyla xanım Əliyeva, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, BP şirkətinin vitse-prezidenti Stiv Flin, "Global Counsel" təşkilatının Sədri, Avropa Komissiyasının ticarət məsələləri üzrə sabiq komissarı və Böyük Britaniyanın sabiq Birinci katibi Lord Mandelson, Azərbaycan Respublikası Milli Məclisinin Sədr Müavini, Parlamentin Enerji Komitəsinin sədri Valeh Ələsgərov, Britaniya Parlamenti İctimai Palatasının Enerji və İqlim Dəyişikliyi Komitəsi sədri Rt Hon Tim Yeonun çıxışı nəzərdə tutulub.

Konfransın məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır. Konfrans çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənən torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə olunması üzrə innovativ yanaşma tərzi, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və s. bu kimi mövzulara toxunulacaq. Konfransın platin sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsoru "BP", bürünc sponsoru isə "Total" şirkətidir.