Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı hazırlanıb və həmin material qurumun saytında yerləşdirilib.
"Azərbaycan gücləndikcə, iqtisadi potensialı artdıqca, ölkənin beynəlxalq mövqeləri möhkəmləndikcə, ölkəmizə dəstək verən dövlətlərin sayı artacaq". SİA-nın məlumatına görə, bu sözləri politoloq Elman Nəsirli mövcud materialla əlaqədar məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hamı güclünün yanında olmaq istəyir: "Vaxtilə elə təşkilatlar var idi ki, onlar Azərbaycanda demokratiyanın vəziyyəti və seçkilərlə bağlı heç bir məsələyə pozitiv yanaşmaq istəmirdilər. Hazırda isə onların mövqelərində obyektivliyi görmək mümkündür. Bu da səbəbsiz deyil. Çünki bu gün Azərbaycan beynəlxalq aləmdə öz gücünü təsdiq edən dövlətlər sırasındadır".
Politoloq vurğulayıb ki, ölkəmiz haqqında mövqelərin pozitiv tərəfə yönəlməsində nüfuzlu, təcrübəsi olan qurumların da rolu var: "Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərmək istəməməsi, bunu bir daha təsdiq edir. Onlar dəfələrlə ölkəmizdə keçirilən prezident və parlament seçkilərində iştirak edib, seçkiləri demokratiya yolunda inkişaf kimi qiymətləndiriblər. Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməməsi, məhz Azərbaycanın bu sahədəki inkişafı ilə əlaqədardır. Təbii ki, dünyanın nüfuzlu təşkilatlarından birinin verdiyi bu qərar digər qurumların da mövqeyinə təsirsiz keçməyəcək".
Politoloq onu da vurğulayıb ki, ölkəmiz 22 illik müstəqilliyi dövründə xeyli möhkəmlənib: "Dünya İqtisadi Forumunun ölkəmizdəki iqtisadi inkişafla bağlı hesabatı, ölkəmizin dəyişən dünyada böyük ambisiyalı bir ölkə kimi təqdim edilməsi, rəqabətə dözümlülük potensialına görə 7 pillə irəliləməsi, MDB məkanında informasiya kommunikasiya texnologiyalarının tətbiqinə görə birinci yerdə qeyd edilməsi və digər bu kimi məsələlər ayrı-ayrı qurumların Azərbaycanla bağlı mövqelərinin dəyişməsinə, onların daha obyektiv olmasına təsir göstərir. İqtisadi böhran nəticəsində Avropanın bəzi ölkələrində işsizlik səviyyəsi 15, 20, 25 faizdirsə, Azərbaycanda bu göstərici təxminən 5,2 faiz təşkil edir. Artıq Avropa və dünya ölkələri iqtisadi inkişafda Azərbaycan modelinin formalaşdığını qəbul edir. Böhran illərində Azərbaycanın öz inkişaf tempini qoruyub saxlaya bilməsi qərb üçün çox maraqlıdır. Elə məhz bu səbəb onların Azərbaycana investisiya qoymasına gətirib çıxarır. 10 il ərzində Azərbaycan iqtisadiyyatına 140 milyarda yaxın investisiya qoyulub ki, onun da bir hissəsini xarici investisiyalar təşkil edir".