8 ayda 22,5 milyard manatlıq məhsul istehsal olunub

12 Sentyabr 2013 14:41 (UTC+04:00)

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-avqust aylarında 22,5 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8 faizlik, neft sektorunda isə 0,1 faizlik artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, istehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Səkkiz ay ərzində 29,1 milyon ton neft, 11,7 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.