iPhone 5S ve iPhone 5C təqdim olundu

11 Sentyabr 2013 10:47 (UTC+04:00)

"Apple" şirkəti dünən iki yeni smartfonunu ("iPhone 5S" və "iPhone 5C") təqdim edib. SİA-nın məlumatına görə, qiyməti daha ucuz "iPhone 5C" smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda tədarük ediləcək. Xatırladaq ki, "Apple" şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb.

"iPhone 5C" smartfonu "Apple A6" prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və "LTE" şəbəkələrini dəstəkləyir. Daha bahalı "iPhone 5S" smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən aparat qara, gümüş və qızıl rəngli korpuslarda tədarük ediləcək. Smartfonun özəlliyi "Touch ID" adlanan barmaq izlərinin skaneridir və 64 bitlik "Apple A7" prosessoru ilə təchiz edilib. Aparatda fotosessiya və 720p formatında videoçəkiliş funksiyaları mövcuddur.

"iPhone 5S" batareyasının şarjı 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir. ABŞ-da "iPhone 5C" smartfonunun qiyməti operator müqaviləsi ilə 99-dan (16 QB-lıq model) 199 dollaradək (32 QB-lıq model) olacaq. "iPhone 5S" isə operator müqaviləsi ilə 199-399 dollara satılacaq. Aparatlar sentyabrın 20-də doqquz ölkədə satışa çıxarılacaq.

Xatırladaq ki, "Apple" şirkəti 2007-ci ildən "iPhone" smartfonlarını istehsal edir. Sentyabrın 10-da təqdim edilmiş aparatlar sözügedən qurğunun yeddinci nəslinə aiddir. Şirkət mobil əməliyyat sistemini də yeniləyib. "iOS 7" mobil əməliyyat sistemi sentyabrın 18-də istifadəyə veriləcək. "iPhone 4", "4S" və "5" smartfonları, "iPad 2", "3", "4" və "iPad mini" planşetləri, beşinci nəsil "iPod touch" pleyerlərinin sahibləri yeni əməliyyat sistemini yeniləmə şəklində quraşdıra biləcəklər. "iOS 7" platforması görünüşcə "Apple"ın mobil əməliyyat sistemlərinin əvvəlki versiyalarından fərqlənir. Yeni platformada populyar sazlamalara sürətli giriş funksiyasına malik mükəmməlləşdirilmiş "İdarə mərkəzi" (Control Center), "AirDrop" protokolu və "iTunes Radio" musiqi xidməti kimi yeniliklər həyata keçirilib.

Xatırladaq ki, "iOS 7" platforması iyunun 10-da təqdim edilib. Amerika şirkətinin aparıcı dizayneri Conatan Ayv əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib. "App Store"nin Bakı nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan istifadəçiləri də sentyabr ayının 18-i "iOS 7" mobil əməliyyat sisteminin öz smartfonlarına yükləyə biləcəklər.