Bu gün Gəncə şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Respublikanın Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin yeddincisi olduğunu bildirib.
Komitə sədri regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, dövlətin din siyasəti pozitiv dünyəviçilik əsasında qurulub, bunun nümunəsi olaraq son illərdə dövlət başçısının qayğısı nəticəsində 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.
Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə müstəsna xidmətlərini qeyd edən Dövlət Komitəsinin sədri hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: "Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Sadəcə iki faktı – tariximizin və milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Şamaxı "Cümə" məscidi, siz gəncəlilərin və Azərbaycan xalqının inanc yeri olan "İmamzadə" kompleksinin təmir-bərpasını göstərməklə bunun əyani şahidi oluruq".
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. O vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Millət vəkilləri Qənirə Paşayeva, Asəf Hacıyev isə çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.
Qeyd edək ki, regional konfrans çərçivəsində dörd paneldə 12 məruzə dinlənilib. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində regional konfransın iştirakçıları Prezident İlham Әliyevin sərəncamı ilə təmir olunan İmamzadə ziyarətgah kompleksini ziyarət ediblər.